Azərbaycanın ilk impakt-faktorlu elmi jurnalının təsir əmsalı artıb
2002-ci ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu tərəfindən təsis olunan Azərbaycanın ilk impakt-faktorlu elmi jurnalının təsir əmsalı artıb.
“Thomson Reuters” Agentliyinin 2012-ci il üçün hesabatına əsasən, Azərbaycanda dərc olunan
“Applied and Computational Mathematics” beynəlxalq jurnalının təsir əmsalı (Impact Factor) artaraq 0,75 olub. Azərbaycan Milli Elmlər Akademiyasının məlumatına görə, “Applied and Computational Mathematics” jurnalı Azərbaycan elm tarixində ilk elmi jurnal olaraq 2008-ci ildə “Thomson Reuters” agentliyinin genişləndirilmiş siyahısında yer alıb. Aparılan məqsədyönlü işlərin nəticəsi olaraq, “Thomson Reuters” Agentliyinin 2009-cu il üçün hesabatında jurnalın təsir əmsalının 0,633-ə bərabər olduğu elan edilib.
Qeyd edək ki, “Applied and Computational Mathematics” jurnalı hələ ki, “Thomson Reuters” agentliyinin hesabatına salınmış yeganə Azərbaycan jurnalıdır. Jurnalın fəxri redaktoru İllinois Universitetinin professoru Tamer Başar, baş redaktorları isə AMEA-nın həqiqi üzvləri - akademik
Əli Abbasov,
Fikrət Əliyev, Ukrayna MEA-nın Mexanika Problemləri İnstitutunun professoru Vladimir Larin, aparıcı redaktoru BDU-nun Tətbiqi Riyaziyyat ETİ-nin şöbə müdiri f.-r.e.d. Yusif Qasımov, icraçı redaktoru isə BDU-nun Tətbiqi Riyaziyyat ETİ-nin elmi katibi f.-r.e.n. Nərgiz Səfərovadır.
Jurnalın Redaksiya Heyətində dünyanın 12 ölkəsindən 24 tanınmış alim təmsil olunur. Jurnalın bu günə qədər 27 sayı çapdan çıxıb, bu nömrələrdə dünyanın 35-dən artıq ölkəsini təmsil edən 300-ə qədər məqalə dərc olunub. Jurnalda tətbiqi və hesablama riyaziyyatının müxtəlif sahələrinə aid yüksəksəviyyəli, əsaslı rəydən keçmiş elmi məqalələr çap olunur. Nəşr olunduğu 11 il müddətində jurnal 42 ölkədən 200 elmi müəssisə ilə elmi mübadilə həyata keçirib.
Həqiqət İSABALAYEVA