Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnformasiya Texnologiyaları İnstitutunda kibertəhlükəsizlik məsələləri müzakirə olunub



Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda Pakistanın Müasir Dillər Dövlət Universitetinin "Beynəlxalq münasibətlər" fakültəsinin müəllimi Attiq-ur-Rehman və Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin əməkdaşı, hüquq elmləri üzrə fəlsəfə doktoru Kamal Makili-Əliyev ilə görüş keçirilib.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbir çərçivəsində Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik istiqamətində görülən işlər müzakirə edildi.

İnstitutun direktoru, AMEA-nın akademik katibi, professor Rasim Əliquliyev informasiya təhlükəsizliyinin təmininin böyük əhəmiyyət kəsb etdiyini və kibertəhlükəsizliyin təmininin strateji məsələyə çevrildiyini bildirib, bu sahədə institut tərəfindən görülən işlərdən, əsas tədqiqat istiqamətlərindən söhbət açıb.
İnformasiya təhlükəsizliyinin texniki, humanitar və hüquqi problemlərinə toxunaraq, təhlükəsiz internetin formalaşmasının hüquqi aspektlərinin işlənməsinin vacibliyini vurğuladı.

R.Əliquliyev AMEA-nın müvafiq qurumları, o cümlədən İnformasiya Texnologiyaları İnstitutu etibarlı informasiya təhlükəsizliyi sisteminin yaradılması istiqamətində öz töhfələrini verməkdə olduğunu qeyd edib.
Görüşdə həmçinin kibertəhlükəsizlik sahəsində elmi-tədqiqat istiqamətləri, beynəlxalq təcrübənin öyrənilməsi və birgə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Aynur Vəliyeva
 




29/06/13    Çap et