Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“EuroGeographics”a üzvlük işğal altında olan Azərbaycan torpaqlarında toponimlərin saxtalaşdırılmasının qarşısını ala bilər



Coğrafi informasiyanın hazırlanmasında qabaqcıl texnologiyalara üz tutan "EuroGeographics" assosiasiyasına üzvlük Ermənistan işğalı altında olan Azərbaycan torpaqlarında toponimlərin saxtalaşdırılmasına qarşı tədbirlərin effektivliyini artıracaq. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən (DTXK) bildirilib ki, bu tədbirlərin sözügedən təşkilatın çərçivəsində tənzimlənməsi perspektivi mümkündür və bununla bağlı DTXK-nın zəngin təcrübəsi var.

Qeyd edək ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi iyunun 11-12 -də Belçikada keçirilən Növbədənkənar Baş Assambleyada milli xəritəçəkmə və kadastr təşkilatlarının assosiasiyası olan "Eurogeographics" təşkilatına üzv seçilib. "EuroGeographics"in üzvləri hər il coğrafi informasiyanın inkişafına təxminən 1,5 milyard avro vəsait ayırmaqla dürüst milli məlumat bazalarının yaradılması, idarə edilməsi, istismarı və əlçatan edilməsi üçün ən müasir texnologiyalardan istifadə edirlər.

Onlar birlikdə topoqrafik və əmlak informasiyası da daxil olmaqla milli məlumat bazalarının birləşdirilməsi və geniş diapazonlu müxtəlif istifadəçilərə çatdırılması məqsədi ilə bütün Avropa ölkələrinin yerləşmə strukturu üçün dəqiq infrastruktur yaradırlar. Təşkilat Avropanın digər təsisatları, xüsusən Avropa Komissiyası ilə sıx əməkdaşlıq etdiyi üçün müəyyən siyasət, layihə və təşəbbüslərə öz müsbət təsirini göstərə bilər.
 
Həqiqət İSABALAYEVA

 




01/07/13    Çap et