Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İspaniyada “FirefoxOS” ilə işləyən ilk smartfonun satışlarına başlanılır
İspaniyanın “Telefonica” şirkəti dünyada ilk dəfə “Firefox” əməliyyat sistemi (ƏS) ilə işləyən smartfonların satışına başlayır.
“Firefox OS” sistemi “HTML 5” modeli əsasında yaradılıb. O, büdcəyə uyğun smartfonlar üçün həll kimi nəzərdə tutulub. “ZTE Open” smartfonu hələ bu ilin fevralında Çinin “ZTE Corp” şirkəti tərəfindən Barselonada keçirilmiş “Mobile World Congress”də təqdim edilib.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, aparat 1 QHs takt tezlikli “Qualcomm” prosessoru, 3,2 meqapiksellik kamera ilə təchiz edilib, həmçinin “Wi-Fi” və “a-GPS” modulları var. Əməli yaddaş 256 MB, daxili yaddaş isə 512 MB təşkil edir.
“Telefonica” şirkətindən bildirilib ki, “Firefox OS” sisteminə digər istehsalçılar da dəstək göstəriblər. Bu ilin sonunadək “LG Electronics”, “Huawei” və “Sony” şirkətləri də sözügedən əməliyyat sistemi ilə işləyən məhsullarını təqdim edəcəklər.
Xatırladaq ki, “Firefox OS” açıq və ödənişsiz sistem sayılır.
Emil Hüseynov
02/07/13 Çap et