Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Analitiklər: Kompüter bazarında azalma qeydə alınacaq


Böyük Britaniyanın “Barclays Plc.” bank qrupunun ekspertləri noutbukların dünya üzrə tədarük həcmində gözlənildiyindən daha zəif artım tempi müşahidə ediləcəyini proqnozlaşdırırlar.

Ekspertlərin qiymətləndirməsinə əsasən, 2013-cü ilin iyul-sentyabr aylarında noutbukların tədarükü ikinci rübdən 8 faiz çox olacaq. Bununla yanaşı, o da qeyd edilir ki, əvvəlki illərin üçüncü rübündə nəzərəçarpacaq artım xarakterik olub. Belə ki, noutbukların tədarükündə orta hesabla 11 faiz artım qeydə alınıb. 

“ICTnews.az” elektron xəbər xidməti “mincom.gov.az” saytına istinadən bildirir ki, mütəxəssislər tempin aşağı düşməsini istehlakçılar tərəfindən yeni noutbuk və fərdi kompüterlərin alınmasının “Windows 8.1” əməliyyat sisteminin və ucuz “Haswell” prosessor nəslinin buraxılışınadək təxirə salmaları ilə izah edirlər. Bununla əlaqədar olaraq üçüncü rübdə kompüter bazarında vəziyyət mürəkkəb olaraq qalır və yeni tədris ili ərəfəsində ənənəvi satış artımı bu dəfə baş verməyə bilər.

“Barclay”-in heç də sevindirici olmayan proqnozu “International Data Corporation (IDC)” analitik şirkəti tərəfindən fərdi kompüterlərin tədarükü üzrə dərc edilən pessimist qiymətləndirmədən sonra verilib. Belə ki, ekspertlər əksər bazarlarda fərdi kompüterlərin tədarükündə zəif artımın müşahidə ediləcəyini bildiriblər.
“IDC” nümayəndələrinin qiymətləndirməsinə əsasən, ikinci rübdə fərdi kompüterlərin dünya üzrə tədarükü 11,7, üçüncü rübdə 4,7, dördüncü rübdə 1,6 faiz azalacaq.
Ekspertlərin qənaətinə görə, birinci rübdə qeydə alınan 13,3 faizlik enmə nəzərə alınmaqla 2013-cü ilin yekunları üzrə fərdi kompüterlərin tədarük həcmində ümumilikdə 7,8 faiz azalmanın olacağı gözlənilir.

Emil Hüseynov




02/07/13    Çap et