Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nazir: «Gənclərə innovativ layihələrin həyata keçirilməsi üçün şərait yaradacağıq»
"Azərbaycanın gələcək 8-10 ilinin iqtisadi inkişafının əsas istiqamətlərindən biri də innovativ sahibkarlıq, innovasiyalı iqtisadiyyatdır. Bu istiqamətdə yeni yaranan şirkətlərin, "startup"ların inkişaf etdirilməsinə böyük ehtiyac var".
"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə verdiyi açıqlamasında söyləyib. Hazırda Azərbaycanda çox böyük intellektə, potensiala malik olan gənclərin olduğunu vurğulayan nazirin sözlərinə görə, həmin şəxslər iqtisadiyyatda öz bizneslərini qurmaq üçün müxtəlif istiqamətlər axtarırlar. Onlar üçün də xüsusi şərait, kömək lazımdır:
"Bizim "startup" layihələrinin inkişafı üçün atdığımız addımlar ondan ibarətdir ki, gəncləri müəyyən investisiya vəsaitləri ilə, güzəştli şəraitlə təmin edək və onlara inkişaf üçün müxtəlif imkanlar açaq. Ümumiyyətlə, "startup" şirkətlərinin inkişafı üçün əsasən xüsusi fondlar fəaliyyət göstərir. Onlardan biri də yenicə yaradılmış İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondudur. Həmçinin də texnoparkların yaradılması, "startup"çılara vergi, gömrük güzəştlərinin edilməsi, digər tərəfdən isə investorlar ilə yaxınlaşdırmaq, təklifləri investorlarla birgə müzakirələr edib, ideyalara investisiya qoyuluşlarını həyata keçirmək də fəaliyyətimizə və məqsədlərimizə daxildir. Bu istiqamətlər üzrə çalışacağıq ki, geniş gənclər kütləsi daha çox innovativ layihələrini həyata keçirə bilsinlər.
SEYMUR
04/07/13 Çap et