Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
RİTN tərəfindən Azərbaycanda elektron ticarətin inkişafını əks etdirən təkliflər paketi hazırlanıb
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən Azərbaycanda elektron ticarətin təşviqi və inkişaf etdirilməsi istiqamətində tədbirlər həyata keçirilir.
Hazırda ölkə qanunvericiliyində bu sahədə mövcud olan bəzi çatışmazlıqların aradan qaldırılması məqsədilə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycanda Rəqabətlilik və Ticarət (ART) Layihəsi ilə birlikdə RİTN tərəfindən Azərbaycan Respublikasının elektron ticarətlə bağlı qanunvericilik aktlarına dəyişikliklərin edilməsinə dair təkliflər paketi hazırlanıb.
Bu barədə “ICTnews ” elektron xəbər xidmətinə RİTN-in İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyev məlumat verib.
O bildirib ki, təkliflər paketi Azərbaycan Respublikasının “Elektron ticarət haqqında”, “Elektron imza və elektron sənəd haqqında”, “Fərdi məlumatlar haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Dövlət satınalmaları haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunlarına, eləcə də Cinayət, Cinayət Prosessual, Mülki Prosessual və İnzibati Xətalar haqqında məcəllələrinə dəyişiklikləri əhatə edir: «Yaxın zamanlarda sözügedən layihə aidiyyəti dövlət orqanlarına təqdim olunacaq. Qanun layihəsinin hazırlanmasında rəy və təkliflər nəzərə alınıb, bundan sonra da ehtiyac olduğu təqdirdə təkmilləşdirmə aparılacaq».
Qeyd edək ki, layihə eyni zamanda Azərbaycan qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində əhəmiyyət kəsb etməkdədir.
SEYMUR
05/07/13 Çap et