Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakı sakinləri informasiya texnologiyalarından hansı formada istifadə edir?


Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları infrastrukturunun inkişafı, fiber-optik kabel şəbəkəsinin genişlənməsi, xidmətlərin qiymətinin dəfələrlə aşağı düşməsi internetin inkişafını şərtləndirib. Son 5 ildə internet istifadəçilərinin sayı 2 dəfə artıb. Bu illər ərzində ölkədə hər 100 internet istifadəçisinə düşən beynəlxalq kanal tutumunun 12,9 dəfə artaraq 324 kbit/s-dən 4187 kbit/s-yə çatıb.  Bununla belə, son 5 ildə internetin qiymətinin 12,5 dəfə azalması beynəlxalq internet kanalının tutumunun da 12,9 dəfə artmasına səbəb olub. İnternet xidmətləri bazarının həcmi isə 4 dəfə artıb, 2012-ci ildə isə 2011-ci illə müqayisədə 33% artaraq 121,5 milyon ABŞ dolları təşkil edib.

Azərbaycanda internetin inkişafı həm internet qiymətlərinin aşağı düşməsi, həm də kompüterləşmə səviyyəsinin yüksəlməsi ilə əlaqədardır. 2012-ci ilin yekunları üzrə aparılan statistik təhlillərin nəticələrinə əsasən, ölkədə bütün ev təsərrüfatları arasında kompüteri olanların payı 47,7%, internetə çıxışı olanların payı isə 64,4% olub. Ev təsərrüfatlarının genişzolaqlı  vasitələrdən istifadə etməklə  internetə qoşulmalarının  xüsusi çəkisi son 5 ildə 1,2%-dən 50,4%-ə yüksəlib, dial-up qoşulmalarının xüsusi çəkisi isə 58%-dən 14.9%-ə düşüb. Bu, ölkədə internetin keyfiyyətinin yüksəldiyini, genişzolaqlı qoşulmaların əhali üçün münasib və cəlbedici olduğunu sübut edir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə, 2013-cü ilin ölkəmizdə «İnformasiya-kommunikasiya texnologiyaları ili» elan edilməsi, bu sahəyə diqqətin daha da artırılması, ölkədə elektron xidmətlərin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi internet istifadəçilərinin sayının bir qədər də artmasına səbəb olub. Bəs görəsən, Bakı sakinləri necə, internetin qiymətindən və keyfiyyətindən razıdırlarmı? Onlar əsasən hansı saytlara daxil olurlar? Hansı axtarış sistemlərindən yararlanırlar? Sorğu zamanı aldığımız cavabları oxucularımıza təqdim edirik:
 
  «Azərbaycanda harada telefon tutursa, orda da internetə daxil olmaq olur»

Pərviz Babayev, Milli Aviasiya Akademiyasının tələbəsi:

 
 - Mən internetdən tez-tez istifadə edirəm. Əgər əvvəllər qlobal şəbəkəyə telefonla daxil olurdumsa, indi daha çox kompüterdən istifadə edirəm. Hazırda mən evdə data kartla internetə qoşuluram. «Sazz» istifadəçisiyəm. İstifadə etdiyim internetin sürəti məni qane edir. Keyfiyyəti də yaxşıdır. Qiyməti də qaneedicidir.

Əvvəllər sosial şəbəkələrdən daha çox istifadə edirdim. Son bir ildə isə daha çox xəbər saytlarına, xüsusən də idmanla bağlı olan portallara, canlı yayımlanan verilişlərə baxmaq üçün internetə daxil oluram. Bundan əlavə, dərslərim, kurs işləri və referatlar üçün lazım olan məlumatları tapmaq üçün ondan istifadə edirəm.  Axtarış sistemlərindən ən çox «Google» və «Yandex»dən istifadə edirəm.

Hazırda Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyini müşahidə edə bilirik. Bunu adicə öz həyat tərzimizdə də görürük. Düşünürəm ki, bu inkişaf bundan sonra daha sürətlə gedəcək. Çünki artıq kommunikasiya peykimizi orbitə qaldırmışıq.
 

“Mən daxil olduğum saytlara bu günə kimi hansısa məhdudiyyətin olduğunu görməmişəm”

Elnarə Quliyeva, evdar xanım

 
 - Əvvəllər internetdən daha çox istifadə edirdim. Lakin son zamanlar ondan az istifadə etməyə başlamışam. Çünki hazırda işləmirəm. İşləmədiyim üçün də internetə ara-sıra qoşulmaq istəyəndə də mobil telefon köməyimə gəlir. İşləyəndə isə kompüter vasitəsilə qoşulurdum. Evdə adətən mobil telefonla internetə daxil oluram. Çünki hazırda Azərbaycanda mobil telefondan internetə daxil olmaq o qədər rahatdır ki, əlavə xərc çəkib evə internet xətti çəkdirməyə, kompüter almağa ehtiyac qalmır. Doğrudur, digər əməliyyatları həyata keçirmək üçün kompüter lazımdır. Amma sırf hansısa sayta girib məlumatları oxumaq və ya kommunal xidmətlərin ödənişlərini etmək üçün mobil telefondan yararlanmaqla kifayətlənmək olar. Dövlət bu cür gözəl imkanlar yaradıb. Sadəcə, bir çoxları bunlardan istifadə edə bilmir.

Mən hazırda iş axtarışında olduğum üçün iş təklif edən saytlara daxil oluram. Bundan başqa sosial şəbəkələrdən də istifadə edirəm. Sosial şəbəkələrə əsasən burada və xaricdə yaşayan rəfiqələrimlə əlaqə qurmaq üçün girirəm. Mənim daxil olduğum saytlara bu günə kimi hansısa məhdudiyyətin olduğunu görməmişəm. İstədiyimiz zaman istənilən sayta daxil ola bilirik. İnternetin keyfiyyəti də, qiymətləri də müəyyən mənada bizi qane edir. Hazırda mobil rabitə hər yerdə tutur və rahat danışmaq mümkündür. Lakin istərdim ki, mobil telefondan internetə daxil olmaq bir qədər də ucuzlaşsın.
 
 
“Məktub vasitəsilə göndərilən viruslar baxımından Azərbaycan cənnətdi”.

Sabir Cəbiyev, mühəndis:

 
 - Mən informasiya-kommunikasiya texnologiyalarından mütəmadi olaraq istifadə edirəm. İndi demək olar ki, hər bir sahədə informasiya texnologiyaları tətbiq edilir.  Yəni sən istəməsən də belə ondan istifadə etməli olursan. Bundan başqa, informasiya texnologiyalarından istifadəyə meyil göstərməlisən. Çünki onun vasitəsilə işlərinin böyük bir qismini asanlıqla həyata keçirmək mümkündür. Hər gün internetə daxil oluram. Həm işdə olanda, həm də evdə olduğum zaman ondan istifadə edirəm. Deyim  ki, keyfiyyət də, qiymət də əvvəlki illərlə müqayisədə daha yaxşıdır. İnternetə daxil olduqda qırılmalar olmur. Hətta rahat şəkildə internetdə kinoya baxa-baxa başqa əməliyyatlar etmək də mümkündür. Elektron məktublar göndərir və alıram. Düzdür, internet ünvanlarımıza bir çox hallarda viruslar da göndərilir. Amma bu, təkcə Azərbaycanda deyil, bütün ölkələrdə var. Mənim Rusiyada yaşayan dostum müqayisə aparıb və deyir ki, bu baxımdan Azərbaycan cənnətdi. Hiss olunur ki, bizdə internetin keyfiyyəti getdikcə də yaxşılaşır. Ümumi yanaşılanda mən ölkədə bu istiqamətdə aparılan işlərdən razıyam.

İnternetdə xəbər saytlarından tutmuş, sosial şəbəkələrə və dövlət qurumlarının rəsmi səhifələrinə də daxil oluram. Sərbəst formada, heç bir maneə olmadan istədiyim saytlara daxil ola və sosial şəbəkələrdə istədiyim statusları çəkinmədən yaza bilirəm. Mən istərdim ki, internetin qiyməti bir qədər də aşağı salınsın. Məsələn, bəzi qonşu ölkələrdə internet bizdən ucuzdur. Amma onu da deyim ki, bəzi ölkələrdə internet nəinki ucuzdu, hətta orada internetə və ya sosial şəbəkələrə giriş məhdudlaşdırılır, ya da heç imkan verilmir.
İndi həyatımızı mobil telefonlarsız təsəvvür etmək mümkün deyil. Hər yerdə mobil telefon rabitəsi qurmaq mümkündü. Onun keyfiyyətindən deyərdim ki, heç kimin şikayəti ola bilməz. Ümumiyyətlə, insan istəyər ki, mobil telefon danışıqları bir qədər də ucuz olsun. Ən azı 50 faiz.
Mən gəmilər üzrə mühəndis işləyirəm. Mobil telefonla hətta Bakı buxtasında da internetə daxil olmaq mümkündür. Özü də heç bir qırılma olmadan istədiyin saytı açıb, istədiyin əməliyyatı həyata keçirmək mümkündür. Azərbaycanda harada telefon tutursa, orda da internetə daxil olmaq olur. Bunun özü də yaxşı göstəricidir.
 
"Hara getməyimizdən asılı olmayaraq əlaqə yaratmaq mümkündür"
 
Təyyar Quliyev, təsərrüfatçı:
 
 - Mən özüm internetdən az istifadə edirəm. İnternetə yalnız övladlarımın köməyi ilə daxil ola bilirəm. Çünki mənim işim onu tələb etmir. Amma evdə övladlarım hər gün internetə daxil olur. Bizim mənzildə genişzolaqlı internet var. Qiymətlər də əvvəlki illərlə müqayisədə yaxşıdır. Uşaqlar deyir ki, onun sürəti də yaxşıdır.
Mən informasiya-kommunikasiya texnologiyalarından yalnız mobil telefondan istifadə edirəm. Görürəm ki, nəvələrim mobil telefonumdan internetə daxil olaraq oyun yükləyə də bilirlər. Mobil rabitə də Azərbaycanda çox keyfiyyətli qurulub. Bu yaxınlarda Təbrizdə idim. Bir də baxdım ki, evdən mənim istifadə etdiyim nömrəyə zəng etdilər. Mənimlə əlaqə qurdular, narahatçılıqları aradan qalxdı. Yəni demək istəyirəm ki, hara getməyimizdən asılı olmayaraq əlaqə yaratmaq mümkündür. Bu da bir keyfiyyət göstəricisidir. Mobil rabitədə qiymət  bir qədər ucuzlaşsa, daha yaxşı olar.
 
 
“Əvvəllər kinolara baxanda düşünürdük ki, görəsən, bizdə də evdən çıxmadan onlayn ödənişlər etmək olacaq?!
 

Türkanə Hüseynova, firma işçisi:

 
 - Bəli, texnologiyadan istifadə edirəm. Mən yalnız işimlə bağlı internetə daxil oluram. Məsələn, hansısa elektron məktubun göndərilməsi və ya hansısa dövlət qurumunun elektron xidmətindən istifadə etdiyim zaman. Bunu ona görə deyirəm ki, indiki insanlar daha çox sosial şəbəkələrlə maraqlanır. Mənsə bundan imtina etmişəm. Çünki daha çox canlı ünsiyyətə üstünlük verirəm. Amma sosial şəbəkələr insanları bir-birindən uzaqlaşdırıb. Bizim evdə də internet var. Lakin mən günümün böyük bir qismini işdə keçirdiyimdən internetə məhz işdə daxil oluram. Evdə isə internetdən çox az istifadə edirəm. Onda da kompüterlə deyil, mobil telefonla daxil oluram. İnternetin qiyməti də, keyfiyyəti də məni bir istifadəçi kimi çox qane edir. Çünki digər xidmətlərlə, mallarla müqayisədə internet baha deyil. Üstəlik, keyfiyyət baxımından da istifadəçini yormur. İstədiyimiz yerdə də telefonla internetə daxil ola bilirik.

Düşünürəm ki, bir qədər də inkişaf etdirilə bilər. Çünki insanlarımız hələ də informasiya texnologiyalarını tam gücü ilə istifadə edə bilmir. Yəni bunun keyfiyyətlə əlaqəsi yoxdur. Amma görünür ki, bu istiqamətdə maarifləndirmə aparılmalıdır. “Elektron hökumət”in qurulması çox yaxşıdır. Bizim ölkədə də kommunal xidmətlərin ödənişlərinin internet üzərindən edilməsi imkanının yaradılması çox işləri asanlaşdırıb. Çünki hər kəs bir çox səbəbdən gedib rahatlıqla ödəniş edə bilmirdi. Ya vaxtı olmurdu, ya işi, ya da düşdüyü situasiya ona mane olurdu. Amma indi evdə oturaraq kompüterdən internetə girib istədiyin əməliyyatı həyata keçirmək mümkündür. Biz əvvəllər kinolara baxanda, ya da xaricilərlə bağlı məlumatı oxuyanda düşünürdük ki, görəsən bizdə də belə şeylər olacaq?! Bu gün artıq onların hamısı cəmiyyətin istifadəsi üçün tam açıqdır. Üstəlik, hər kəsin evində ucuz və sürətli internet var.
 
 "Həqiqətən də internet mənim çox əlimdən tutur"

Səidə Qurbanova, müəllimə:
 
 - İnformasiya-kommunikasiya texnologiyalarından tez-tez istifadə edirəm. Demək olar ki, hər gün həm internetə, həm mobil telefonlara, həm kompüterə, həm də digər informasiya texnologiyalarına əl uzatmalı oluram. Mənzilimizdə internet var. Daha çox sosial şəbəkələrə, mətbəx, tibb saytlarına və digər portallara daxil oluram. Ümumiyyətlə, məni nə maraqlandırırsa, onunla bağlı olan saytlardan istifadə edirəm. Həqiqətən də internet mənim çox əlimdən tutur.  Bizim ailə, demək olar ki, aktiv şəkildə elektron xidmətlərdən istifadə edir. Yəni kommunal xidmətlərin internet üzərindən ödənilməsindən tutmuş, dövlət qurumlarının təqdim etdiyi digər e-xidmətlərinə qədər yararlanırıq. Biz axı hansı əsrdə və hansı ölkədə yaşayırıq ki, gedib kommunal xidmətlərin pulunu da üzbəüz ödəyək?! İndi axı bunu evdən çıxmadan, ailəndən ayrılmadan etmək mümkündür. Dövlət bu imkanı vətəndaşa veribsə, vətəndaş maksimum bundan istifadə etməlidir. Məncə, kim bunlardan istifadə etmirsə,  kim informasiya-kommunikasiya texnologiyalarını gündəlik həyatında tətbiq etmirsə, bu, artıq onun öz günahıdır. Deməli, həmin şəxs yeniliyə, inkişafa can atmır. İnternetin keyfiyyətindən razıyıq. Bizim evdə genişzolaqlı və sürətli internet var. Amma mən düşünürəm ki, hazırda bizdə internetin qiyməti baha deyil. Amma onun dəyəri bir qədər də aşağı salınsa, pis olmaz. Mobil telefonların da keyfiyyətindən razıyam. Qiymətindən də hansısa narazılığım  yoxdur. Mən mobil telefonla internetə daxil olmasam da, övladım bu xidmətdən istifadə edir.
 
 
Seymur Qasımbəyli
 




06/07/13    Çap et