Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Vahid Qan Bankı” sistemi Mərkəzi Qan Bankının region üzrə bütün şöbələrinə quraşdırılacaq
Səhiyyə Nazirliyinin yaratdığı “Vahid Qan Bankı” sistemi Mərkəzi Qan Bankının (MQB) region üzrə bütün şöbələrinə quraşdırılacaq.
“ICTnews” elektron xəbər xidmətinə bu barədə məlumat verən Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən bildirilib ki, hazırda bu sistem Qan Bankının Sumqayıt şöbəsində tətbiq edilib. Layihə çərçivəsində MQB-nın Gəncə, Şəki, Mingəçevir, Şirvan, Bərdə, Quba, Lənkəran bölgələri də sistemə qoşulacaq.
Qeyd edək ki, “Vahid Qan Bankı” sistemi donorların qeydiyyatının və onların qan analizinin alınması, müayinə və donorluq məlumatlarının, qan ehtiyatlarına nəzarətin elektronlaşdırılması üçün yaradılıb. Sistem bir sıra modullardan ibarətdir. Belə ki, sistem “Qeydiyyat modulu (donorun qeydiyyata alınması)”, “Laboratoriya modulu (ilkin qan analizi)”, “Həkim müayinəsi modulu (fiziki müayinələrin qeydiyyatı), “Qan alma (donorun qan məlumatlarının daxil edilməsi)”, “Qan istək (digər müəssisələrdən tələb olunan qan haqda məlumatlar)”, “İstək qarşılama (qan tələb olunan müəssisəyə göndərişin daxil edilməsi)”, “Depo əməliyyatları (bazada qalan qan ehtiyatı)” kimi modullardan ibarətdir.
Həqiqət İSABALAYEVA
08/07/13 Çap et