Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Veb-texnologiyalara həsr edilmiş konfransın sonunda iki ölkənin universitetləri arasında memorandum imzalanıb
6-7 iyul tarixində Bakıda keçirilən veb-texnologiyalara həsr edilmiş konfransın sonunda Xəzər Universiteti və "Univercity of Georgia" arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu Gürcüstan Universiteti tərəfindən Konstantine Topuria və Xəzər Universiteti tərəfindən Məhəmməd Nuriyev imzalayıb.
İmzalanan sənəddə universitetlər arasında tələbə və müəllim mübadilələri, akademik əməkdaşlıq, qarşılıqlı mədəni əlaqələrin artırılması məsələləri öz əksini tapıb. Belə ki, memorandum qarşılıqlı mühazirələrin oxunması, elmin aktual problemləri üzrə qarşılıqlı maraq doğuran sahələrdə birgə elmi tədqiqatların aparılması, pedaqogika, tədris metodikası, ali təhsilin strukturu məsələlərində təcrübə və informasiya mübadiləsini nəzərdə tutur.
Bundan başqa, tərəflər staj keçmə və ixtisasın artırılması məqsədi ilə müəllim, aspirant və tələbə mübadiləsi, elmi məqalələrin, tədris vəsaitlərinin, tədris planlarının və proqramlarının, ədəbiyyatın mübadiləsi və hər iki tərəfin nailiyyətlərini əks etdirən sərgilərin təşkilində və digər məsələlərdə əməkdaşlıq edəcəklər.
Həqiqət İSABALAYEVA
08/07/13 Çap et