Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Aztelekom” və “Azərkosmos” arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub
“Aztelekom” İstehsalat Birliyinin rəhbərliyi, İdarə Aparatı, Gənclər Təşkilatının nümayəndələri və Azərbaycan Texniki Universitetinin “Çoxkanallı rabitə sistemləri” kafedrasının müəllim heyəti “Azərkosmos” ASC-ni ziyarət ediblər.
Qonaqları qarşılayan “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. İnzibati və texnoloji binalarda olan qonaqlara ASC-nin əldə etdiyi yüksək nailiyyətlərdən danışılıb, peykin imkanları nümayiş edilib. Bildirilib ki, 2010-cu il 3 may tarixində təsis edilən “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) Qafqazda əsas peyk operatorudur.
Əsas fəaliyyəti müştəri tələblərinə cavab verən operator kimi müəyyən edilən müəssisə peyk rabitəsi əsasında yayım və genişzolaqlı internet xidmətlərinin göstərilməsi və hökumət müştərilərinın yüksək etibarlı rabitə platformaları ilə təmin edilməsi istiqamətində iş aparır. Həmçinin qeyd edilib ki, hazırlıq səviyyəsi, ehtiyat və imkanlar müasir texnologiyaların tam idarə olunması imkanını verir, bu da öz növbəsində yerüstü şəbəkələrin əhatə dairəsinə daxil olmayan peyk əsaslı xidmətlərdən faydalanmaq üçün əhaliyə geniş imkanlar yaradır.
“Azerspace-1” telekommunikasiya peykinin inkişaf etmiş dizaynı və qoşulma imkanları vasitəsilə dünyada milyonlarla insan informasiya və rabitə xidmətlərindən geniş istifadə edə bilər. Peyk Mərkəzi Asiya, Avropa və Afrikanın 50-dən artıq ölkəsini birləşdirən kosmik məkanda əsas rol oynayır. Çox sevindirici haldır ki, bu kollektivin əsasını yerli kadrlar təşkil edir və əksəriyyət də Azərbaycan Texniki Universitetinin məzunlarıdır.
Daha sonra “Aztelekom” İB-nin baş direktoru Məhəmməd Məmmədov “Azərkosmos” ASC-nin rəhbərliyinə isti qəbula görə təşəkkürünü bildirərək, gələcək işlərində uğurlar arzulayıb. Sonda “Aztelekom” İB və “Azərkosmos” ASC arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub, birgə layihələr barədə fikir mübadiləsi aparılıb.
Həqiqət İSABALAYEVA
10/07/13 Çap et