Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Artıq elektron imza vasitəsilə “online” ödənişlər etmək mümkündür


Məkan və zaman anlayışını ortadan qaldıraraq məhdudiyyətsiz istifadə imkanları yaradan elektron imzanın istifadə dairəsi bir qədər də genişləndirilib. “Hesab.az” - elektron ödənişlər portalı özəl sektor olaraq daha bir ilkə imza atıb.

Belə ki, bundan sonra “www.hesab.az” onlayn ödəniş portalının istifadəçiləri Milli Sertifikat Xidmətləri Mərkəzi (MSXM) tərəfindən verilən e-imzadan istifadə etməklə istənilən ödənişi həyata keçirə biləcəklər.

Eyni zamanda istifadəçi “www.hesab.az” saytındakı şəxsi kabinetini e-imza kartı ilə birləşdirə bilər. Bununla da o, şəxsi kabinetinə e-imza kartında qeyd olunmuş  PİN kodu və ya e-mail ünvanını istifadə etməklə daxil ola bilər. Bu, istifadəçiyə “hesab.az” portalındakı şəxsiyyətinin təsdiqlənməsini tələb edən xidmətləri (məs: internet bankinq) əldə etmək imkanını yaradacaq.  “www.hesab.az” portalında mövcud olan hesabdakı e-mail ünvanı e-imza sertifikatındakı e-imza ilə uyğun deyildirsə, bu barədə portalın inzibatçısına e-mail ünvanını dəyişmək barədə müraciət etmək lazımdır.

Müraciət təsdiqləndikdən sonra portaldakı şəxsi kabinetə e-imza vəsiqəsi vasitəsilə daxil olmaq mümkün olacaq.  Portalın mütəxəssisləri e-mail ünvanlarının avtomatik uyğunlaşdırılması üzərində də işlər aparırlar və bu servis cari ayın axırına qədər həllini tapacaq. Portala daxil olmaq üçün e-imza vəsiqəsindən istifadə haqda portaldan əlavə məlumatlar əldə edə bilərsiniz.

Qeyd edək ki, “www.hesab.az” portalı yaxın vaxtlarda e-imza vasitəsilə bir sıra “online” xidmətlərin göstərilməsinə hazırlaşır.
 




10/07/13    Çap et