Azərbaycanın Beynəlxalq Gen Mühəndisliyi və Biotexnologiya Mərkəzinə üzvlük məsələsi müzakirə olunub
Beynəlxalq Gen Mühəndisliyi və Biotexnologiya Mərkəzi tərəfindən İtaliyanın Triest şəhərində təşkil olunmuş "Genetik modifikasiya olunmuş orqanizmlərin idarə olunmasına strateji yanaşma və qərar qəbuletmə" kursu artıq başa çatıb.
Tədbirdə Azərbaycanın Beynəlxalq Gen Mühəndisliyi və Biotexnologiya Mərkəzinə üzvlük məsələsi qaldırılıb və reallaşdırılması istiqamətində müəyyən görüşlər keçirilib. Bu barədə məlumat verən AMEA-dan bildirilib ki, tədbirdə Azərbaycanı AMEA
Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, Genetik modifikasiya olunmuş bitkilər üzrə ekspert şurasının sədri, b.ü.f.d. Mehrac Abbasov təmsil edib.
20-dən çox ölkədən mütəxəssisin iştirak etdiyi kursda genetik modifikasiya olunmuş orqanizmlərin təyini, biotəhlükəsizliyin təmin olunması üzrə mövcud olan təcrübənin yayılması və təkmilləşdirilməsi, biotəhlükəsizlik konsepsiyasının hazırlanması qaydaları da müzakirə olunub.
Həqiqət İSABALAYEVA