Azərbaycana fotoqrafların gözü ilə yeni baxış
RİTN hər bir Azərbaycan vətəndaşına oktyabrın 31-nə qədər hər gün fotoqrafiya ilə məşğul olmaq imkanı yaradır
İyulun 12-si "Fotoqraflar günü" kimi qeyd edilir. Amma Azərbaycanda bu tarixi yalnız bir günlə deyil, oktyabrın 31-nə qədər hər gün qeyd etmək imkanı var. Daha geniş mənada fotoşəklin əldə edilməsi yaradıcılığı mənasını verən fotoqrafiya ilə məşğul olmaq imkanını isə hər bir Azərbaycan vətəndaşı üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) yaradır. Belə ki, artıq nazirlik iyulun 1-dən etibarən "Mənim Azərbaycanım" internet fotomüsabiqəsinə başlayıb. Fotomüsabiqənin məqsədi Azərbaycan bölgələrinin tərənnümünü, ölkənin tarixini, görməli yerlərini, təbiətini və inkişafını geniş ictimaiyyətin diqqətinə çatdırmaqdır.
2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"na müvafiq olaraq keçirilən müsabiqəyə 3 nominasiya üzrə ("Təbiət - Azərbaycanın şəhər və kəndlərinin görməli yerləri, flora və faunası və s.", "Tarix - milli adət və ənənələrimiz, tarixi abidələr və s.", "Ən orijinal" foto") fotolar qəbul olunur və hər nominasiyada 3 mükafat nəzərdə tutulur. Hər bir iştirakçı hər nominasiya üzrə maksimum 3 fotoşəkil göndərə bilər. Fotoşəkillər keyfiyyətli olmalıdır. Fotomüsabiqəyə göndərilən hər bir fotoşəkil üçün müvafiq məlumatlar (şəklin adı və qısa təsviri, çəkilmə tarixi (gün, ay, il), yer (şəhər, rayon, qəsəbə, kənd) qeyd olunmalıdır. İnternet mühitindən əldə edilmiş şəkillər müsabiqəyə buraxılmır. İştirakçının təqdim etdiyi şəkillər üzrə müəlliflik hüququ bəyan olunmalıdır. Müsabiqənin mövzusuna uyğun gəlməyən, zorakılığı təsvir edən, milli mentalitetə uyğun gəlməyən fotoşəkillər də müsabiqəyə buraxılmır.
Fotoşəkillər birbaşa "
www.iktili.az" saytı vasitəsilə yüklənir. Müsabiqəyə göndərilmiş fotoşəkillər üzrə müəllif hüquqları təşkilatçıya verilir. Müsabiqədə iştirak etmək üçün (qalib gəldiyi təqdirdə onlarla əlaqə saxlamaq üçün) iştirakçılara saytda qeydiyyatdan keçmək vacibdir. Fotomüsabiqə ərzində fotoşəkillərin müəllifləri haqqında məlumatlar açıqlanmır. Müsabiqədə iştirak edən fotoşəkillər iki mərhələdə qiymətləndirilir. I mərhələdə qaliblər 1-25 noyabr 2013-cü il tarixləri arasında onlayn səsvermə əsasında müəyyən olunur. Səsvermədə iştirak edən hər bir şəxs hər üç nominasiya üzrə səs verə bilər. Onlayn səsvermənin obyektivliyini təmin etmək üçün səsvermə prosesində iştirak edən hər bir şəxs seçdiyi nominasiya üzrə 6 şəklə səs verməlidir. II mərhələdə qiymətləndirmə nominantlar arasından onlayn səsvermənin nəticələri nəzərə alınmaqla münsiflər heyəti tərəfindən aparılır. Münsiflər heyəti aidiyyəti dövlət, özəl və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən təşkil olunur.
Səsverməyə 1 noyabrdan başlanılacaq və 25 noyabra qədər davam edəcək. Noyabr ayında səsvermənin nəticələrinə uyğun olaraq ən yüksək səs toplamış qaliblər müəyyən ediləcək və qaliblərə qiymətli mükafatlar təqdim olunacaq. Qaliblər 6 dekabr - "Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı" ərəfəsində açıqlanaraq mükafatlandırılacaq.
Hər nominasiya üzrə qaliblərə aşağıdakı hədiyyələr təqdim edilir:
1-ci yer – noutbuk;
2-ci yer – netbuk;
3-cü yer – "3G" dəstəkli mobil telefon.