Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda “elektron hökumət”in inkişafı və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı ictimai müzakirə keçirilib



Cari ilin iyunun 12-də Azərbaycan Respublikası Prezidentinin "Elektron hökumət" portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə" 2013-cü il 5 fevral tarixli Fərmanına uyğun olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən hazırlanmış "2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və "Elektron hökumət"in inkişafına dair Dövlət Proqramı" layihəsinin ictimai müzakirəsi keçirilib. Tədbirdə dövlət və hökumət rəsmiləri, İKT sahəsində aparıcı ictimai təşkilatların və digər qurumların nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Ülvi Mehdiyev ölkədə "elektron hökumət"in formalaşdırılması və elektron xidmətlərin təşkili istiqamətində əldə olunmuş nailiyyətləri qeyd edərək, bu sahədə qarşıya qoyulmuş prioritetlərə çatmaq üçün hazırlanan yeni Dövlət Proqramının məqsəd və hədəfləri barədə məlumat veriblər.

Daha sonra nazirliyin və Dövlət Agentliyinin məsul əməkdaşları Dövlət Proqramı layihəsinə dair təqdimatla çıxış edərək, proqramdan irəli gələn vəzifələri, əsas fəaliyyət istiqamətlərini və onların həyata keçirilməsindən gözlənilən nəticələri tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Tədbirdə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin təşviqi üzrə İctimai Şuranın koordinatoru Osman Gündüz Dövlət Proqramına ictimai baxış mövzusunda çıxış edib. 

Sonda Dövlət Proqramı tədbir iştirakçıları tərəfindən geniş müzakirə olunmuş və səslənən təkliflərin rəsmi şəkildə nazirliyə və Dövlət Agentliyinə təqdim edilməsi, onların qiymətləndirilməsi və nəzərə alınması barədə qərar qəbul edilib.   
 
                      




12/07/13    Çap et