Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
AMEA-nın Rəyasət Heyəti Mərkəzi Aparatının informasiyalaşdırılması ilə bağlı görüləcək işlərin müzakirəsi aparılıb
AMEA İnformasiya Texnologiyaları İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İTİ-dən verilən məlumata görə, iclas AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının informasiyalaşdırılmasına dair Fəaliyyət Planında nəzərdə tutulmuş işlərin icra vəziyyətinin müzakirəsinə həsr edilib.
İclası giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev bildirib ki, akademiyanın Rəyasət Heyətinin və elmi müəssisələrin texniki imkanlarının artırılması, informasiya xidmətlərinin yüksək səviyyədə təşkili, bir sözlə, elmin informasiya təminatının gücləndirilməsi bu sahənin inkişafını səciyyələndirən başlıca şərtlərdəndir. “Elmi fəaliyyəti beynəlxalq tələblərə uyğun təşkil etmək üçün, ilk növbədə elmi-texniki infrastruktur modernləşdirilməlidir” – söyləyən R.Əliquliyev bu işlərin yüksək səviyyədə təşkilinin əhəmiyyətindən danışıb.
AMEA-nın akademik-katibi informasiyalaşdırma prosesinin həyata keçirilməsi işlərinə peşəkar kadrların cəlb edilməsi məsələlərinə də toxunaraq qeyd edib ki, bu işlərin yüksək səviyyədə icrası üçün institutun bütün kadr potensialı səfərbər olmalıdır.
İnstitutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının informasiyalaşdırılması ilə bağlı görüləcək işlər haqqında məlumat verib. R.Ələkbərov müvafiq şöbələrə RH-nin müasir kompüterlərlə təchizatı, şəbəkə-kommunikasiya infrastrukturunun yenidən qurulması ilə bağlı tapşırıqların verildiyini bildirib.
O, həmçinin Mərkəzi Aparatın struktur bölmələrinin - elmi bölmələrin, idarə və şöbələrin fəaliyyətinin informasiyalaşdırılması, AMEA üzrə operativ məlumatlandırma sisteminin, Mərkəzi Aparatda elektron sənəd dövriyyəsi sisteminin və elektron imza texnologiyasının yaradılması və tətbiqi, “Elmi problemlər reyestri” sisteminin işlənməsi və s. məsələlərlə bağlı görülən tədbirlərdən də danışıb.
Tədbirdə kadr və digər məsələlərə də baxılıb.
CAHANGİR
13/07/13 Çap et