Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“ICT -2013”- İnformasiya-kommunikasiya texnologiyaları sahəsi üzrə beynəlxalq sərgi keçiriləcək



Cari ilin 3-5 sentyabr tarixlərində Rusiyanın Krasnodar vilayətində "ICT -2013" – İnformasiya-kommunikasiya texnologiyaları sahəsi üzrə beynəlxalq sərgi keçiriləcək.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib. Sərgidə azərbaycanlı sahibkarlar və bu sahə ilə maraqlanan şəxslər də iştirak edə bilərlər.

Sərginin məqsədi İT sahəsində hazırlanan proqramlara, eləcə də telekommunikasiyalar sahəsində orijinal konsepsiyaların reallaşdırılması istiqamətində dövlətlərə dəstək verməkdir. Həmçinin sərginin hədəfi informasiya və rabitə texnologiyalarının tətbiqi, internetin əlçatanlığı, mövcud informasiya resurslarının daha da genişləndirilməsi, İT təhlükəsizliyi, bu sahədə hazırlanan ən müasir proqram təminatı, ucqarlarda müasir telekommunikasiya xidmətlərinə keçid, həmçinin elektron sənəd dövriyyəsinin təkmilləşdirilməsidir.

Eyni zamanda sərgidə telekommunikasiyalar və şəbəkələr, İT və ofis texnikası, kabellər və simsiz rabitə, peyk əlaqəsi və texnologiyalar, televiziya və radioverilişi idarələri üçün şəbəkə avadanlığı və texnologiyalar, bank texnologiyaları və xidmətlər, mühafizə sistemləri, genişzolaqlı əlaqə və texnologiyalar, proqram təminatı və  avtomatlaşdırma sistemləri, e-hökumət və elektron təhsil sahəsi üzrə məhsul və xidmətlər təqdim olunacaq.
 
 
Həqiqət İSABALAYEVA




16/07/13    Çap et