Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Azərkosmos” ASC tam kommersiya fəaliyyətinə başlayır
Azərbaycanın ilk telekommunikasiya peyki - “Azerspace-1” bu gündən etibarən tam kommersiya fəaliyyətinə keçir. Belə ki, bir neçə müddətdir həyata keçirilən test-sınaq əməliyyatlarından sonra həm yerli, həm də xarici TV və radio kanallarının milli peykdən tam kommersiya əsaslı yayımına başlanılır. Eyni zamanda, müştərilərin marağının artırılması və tamaşaçıların seçim imkanlarının yüksəldilməsi məqsədilə "Azərspace-1" peyki vasitəsilə yayımlanan kanalların sayının artırılması, coğrafiyasının genişləndirilməsi, janr və dil fərqliliyinin daha da çoxaldılması istiqamətində də davamlı olaraq işlər aparılır. İlkin mərhələdə yerli kanallarla yanaşı, ingilis, rus, türk və fars dillərində olmaqla 50-dək TV və radio kanalı yayımlanacaq, sonradan isə mərhələli şəkildə yayımlanan kanalların sayı daha da artırılacaq.
Bu gün həmçinin “Azərkosmos” ASC və ANS Müstəqil Yayım və Media Şirkəti arasında “Telekommunikasiya peykinin transponder tutumunun istifadəyə verilməsi” haqqında müqavilənin imzalanması mərasimi olub. Mərasimi ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev açdıqdan sonra “Azərkosmos” ASC-nin İdarə Heyətinin sədri Rəşad Nəbiyev çıxış edərək tədbir iştirakçılarını salamlayaraq ASC-nin hazırkı fəaliyyəti və gələcək planları barədə məlumat verib. Daha sonra ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev çıxış edərək perspektiv əməkdaşlıq istiqamətləri barədə danışıb. Tədbirdə həmçinin hər iki qurumdan rəhbər şəxslər, eləcə də mətbuat nümayəndələri iştirak edib. Daha sonra müqavilə imzalanıb. Müqaviləni “Azərkosmos” ASC-nin adından ASC-nin İdarə Heyətinin sədri Rəşad Nəbiyev və ANS Müstəqil Yayım və Media Şirkəti adından ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev imzalayıb.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra iştirakçılar üçün “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzi ilə tanışlıq təşkil olunub.
Xatırladaq ki, “Azərkosmos” ASC 2010-cu ildə təsis edilib, Azərbaycanın ilk telekommunikasiya peyki olan “Azerspace-1” isə 08 fevral 2013-cü il tarixində orbitə çıxarılıb. Bütün sınaqlardan uğurla çıxan “Azerspace-1” peykinin idarəedilməsi cari ilin 02 aprel tarixindən etibarən tamamilə azərbaycanlı mütəxəssislərə təhvil verilib. Bununla da əhatə zonası Avropa, Afrika, Yaxın Şərq və Mərkəzi Asiya regionlarından ibarət olan “Azerspace-1” peyki radio və televiziya yayımının həyata keçirilməsi, peyk rabitə əlaqəsinin qurulması, yüksəksürətli data şəbəkəsinin və məlumatlarının ötürülməsi xidmətləri üzrə kommersiya fəaliyyətinə başlamağa tam hazır vəziyyətə gətirilib.
16/07/13 Çap et