Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Müəllimlər Nyu-York Birjasının avtomatlaşdırılmış alqı-satqı platformaları ilə tanış olublar
Amerikanın Nyu-York ştatında "Nyu-York Birjası 2013-cü il Müəllimlərin Təlim Proqramı" keçirilib. Təlim proqramında Amerikanın müxtəlif kollec, universitet və məktəblərində Maliyyə dərsləri tədris edən müəllimlərlə yanaşı, Azərbaycandan Qafqaz Universitetinin Maliyyə kafedrasının əməkdaşı Füzuli Əliyev də iştirak edib.
Təlimin məqsədi maliyyə fənlərini tədris edən müəllimləri maliyyə bazarları ilə yaxından tanış etmək və onların birjada baş verən prosesləri daha yaxından izləmələrinə imkan yaratmaqdır. Təlim zamanı müəllimlərə Nyu-York Birjasının tarixi, avtomatlaşdırılmış alqı-satqı platformaları, qanunvericilik bazası haqqında təlimlər keçirilib, opsion, fyuçers və digər törəmə maliyyə alətləri maliyyə bazarlarında karyera imkanları və s. mövzularda təqdimat-mühazirələr verilib.
Proqram çərçivəsində iştirakçılar Nyu-York Birjasının əməliyyat mərtəbəsində (trade floor) investisiya institutlarının nümayəndələri, market-meykerlər və brokerlərlə söhbət edib, real rejimdə alqı-satqı əməliyyatlarını müşahidə ediblər. Təlimçilərə maliyyə bazarları fənlərinin tədris metodları haqqında tövsiyələr, əyani vasitələrlə yanaşı, faydalı elektron resurslar da verilib.
Həqiqət İSABALAYEVA
16/07/13 Çap et