Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Böyük Qafqazın Azərbaycan ərazisinin geoloji mühitinin “3D” modeli qurulacaq



 
Niderlandın Delft Universitetində təşkil olunmuş Şotlandiyanın “Midland Valley” şirkətinin “MOVE” rəqəmli proqram təminatının mənimsənilməsi üzrə təlim kursu artıq başa çatıb.

İyulun 8-dən 16-na qədər davam edən kursda Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun gənc alimi Fuad Əliyev iştirak edib. AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, proqram vasitəsilə yerin dərinlikləri, o cümlədən zəlzələ ocağı zonalarını “3D” formatda modelləşdirmək, xəritələri və profil kəsilişlərini rəqəmsallaşdırmaq mümkündür.

Kurs institutun Geotektonika və regional geologiya şöbəsinin təşəbbüsü, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilib. Kursun yekununda “Move” proqramı vasitəsilə Böyük Qafqazın Azərbaycan ərazisinin geoloji mühitinin “3D” modelini qurmaq nəzərdə tutulur.

Akademiyadan qeyd edilib ki, dərslər Haaqada yerləşən "4D GEO" Struktur Geologiya üzrə Məsləhət və Təlim Şirkətinin rəhbəri, fəlsəfə doktoru Armelle Klopenburq tərəfindən aparılıb. A.Klopenburq 2012-ci ilin dekabrında “MOVE” proqramı ilə bağlı dərsləri Geologiya İnstitutunda bir neçə gənc alimə keçib.
 
Həqiqət İSABALAYEVA




18/07/13    Çap et