Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Microsoft” şirkəti ziyana məruz qalıb
Vaxtilə İT sahəsinin lideri “Microsoft” korporasiyası fərdi kompüter (FK) bazarında qeydə alınan dəyişikliklərə çətinliklə uyğunlaşır. Belə ki, son rüb üçün maliyyə göstəriciləri heç də ürəkaçan deyil: şirkətlər hələ populyarlıq qazanmayan “Surface RT” planşetlərinin ucuzlaşdırılması ilə əlaqədar xərclər sütununa 900 milyon dollar sərf etməli olub.
“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, adıçəkilən korporasiya dünən dördüncü maliyyə rübü üzrə əsas göstəricilərə dair hesabat verib. Gəlirin həcmi 19,9 milyard dollar təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 10% çoxdur. Bir rüb ərzində xalis mənfəət isə 4,97 milyard dollar olub.
Şirkətin “Windows” bölməsinin gəliri bir il ərzində 6% artaraq 4,4 milyard dollar təşkil edib. “Windows 8” əməliyyat sistemi gözlənilən uğuru əldə etsəydi, göstəricilər tamamilə başqa olardı. Lakin FK bazarı tədricən zəifləyir, alıcılar daha çox “Android” sistemi ilə işləyən cihazlara və ya “Apple” planşetlərinə üstünlük verirlər.
Bununla belə, “Microsoft”un ofis proqram təminatı sahəsində işləri heç də pis getmir: bu bölmə bir rüb ərzində 7,2 milyard dollar qazanıb ki, bu da ötənilki göstəricidən 14% çoxdur. Hətta abunə üzrə yayılan "bulud" “Office 365” yaxşı biznesə çevrilir; əgər hər şey indiki kimi davam etsə, şirkət il ərzində ondan 1,65 milyard dollar qazanacaq.
Emil Hüseynov
19/07/13 Çap et