Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Elektron demokratiya portalının təqdimatı keçirilib
Bu gün “İrəli” Gənclik Mərkəzində Təhsil, Rifah və İnkişaf İctimai Birliyinin hazırladığı yeni www.e-democracy.info.az portalının təqdimatı baş tutub. Tədbiri giriş sözü ilə açan təşkilat sədri Teymur Muradov bildirib ki, sözügedən sayt “İrəli” İctimai Birliyinin tərəfdaşlığı və Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə gerçəkləşib.
“Həmçinin bu layihənin həyata keçirilməsi və informasiya təminatında Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun (AMEA İTİ) rəhbərliyi və kollektivi tərəfindən dəstək göstərildi”. T.Muradov qeyd edib ki, saytda elektron demokratiya anlayışı və prinsipləri, bu sahədə dünya təcrübəsi, elektron hokumət, elektron dövlət xidmətləri, elektron-imza və digər elektron təsisatlar barədə geniş məlumatlar öz əksini tapıb və 3 il ərzində sayt davamlı olaraq təşkilat tərəfindən yenilənəcək, əlavə məlumatlarla zənginləşdiriləcək.
“İrəli” İnformasiya Texnologiyaları Mərkəzinin koordinatoru Xaqani Fərəcov da öz növbəsində bildirib ki, vətəndaşların və xüsusən, gənclərin bu istiqamətdə maariflənməsi böyük əhəmiyyət kəsb edir. O vurğulayıb ki, məhz bu məqsədlə “İrəli” İctimai Birliyi “İT Akademiyası” layihəsi çərçivəsində 6830 gəncin İKT biliklərinə yiyələnməsinə nail olub.
AMEA İTİ-nin böyük elmi işçisi Aygün Əhmədova da öz növbəsində bildirib ki, bu sahədə dövlət səviyyəsində də müəyyən iş getməsinə baxmayaraq, vahid məlumat bazasının yaradılmasına ehtiyac son zamanlar çox hiss olunurdu. Daha sonra A.Əhmədovanın “Elektron demokratiya təsisatları və Azərbaycan perspektivləri” mövzusunda məruzəsi dinlənilib və mövzu ətrafında fikir mübadiləsi aparılıb. Mütəxəssis öz çıxışında vurğulayıb ki, hər bir vətəndaşın vaxtında və dolğun informasiya almq hüququ Azətrbaycan qanunvericiliyi tərəfindən dəstəklənir. “Belə olduğu halda dövlət qurumları və digər təşkilatların da borcudur ki, öz fəaliyyətlərini elektron vasitələrlə işıqlandırmaqdan əlavə, həm də onlarla birbaşa əlaqə yaratmaq imkanı yaratsınlar. Bu sahədə müəyyən irəliləyişlər olsa da, hələ də xeyli çatışmazlıqlar müşahidə olunur”. Tədbirdə həmçinin adıkeçən institutun digər əməkdaşı, böyük elmi işçi Rasim Mahmudov “İnformasiya cəmiyyəti” mövzusunda təqdimat həyata keçirib.
Təqdimatda QHT üzvləri, AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi işçiləri, AR Mərkəzi Seçki komissiyası və AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən mütəxəssislər və layihə icraçıları iştirak ediblər.
08/08/11 Çap et