Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Avropa, Yaxın Şərq və Afrika ölkələrinə kompüter tədarüklərinin həcmi azalır
"International Data Corporation" (IDC) analitik şirkətinin məlumatlarına əsasən, 2013-cü ilin ikinci rübündə Avropa, Yaxın Şərq və Afrika (EMEA) ölkələrinə fərdi kompüter (FK) tədarüklərinin həcmi azalmağa davam edib.
Anbar ehtiyatlarının yüksək səviyyəsi və müştərilər tərəfindən aşağı tələbat satışların həcminin artmasına mane olub, buna görə də EMEA regionuna FK tədarükünün həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,2% azalıb.
"İkinci rübdə bir sıra ölkələrdə anbar ehtiyatlarının yüksək səviyyəsi hələ də qalıb. Bu ilin aprel və may göstəriciləri gözlənildiyi kimi zəif olub, çünki şirkət və distribüterlərin əksəriyyəti ehtiyatlarını azaltmağa çalışıb. İyunda göstəricilər artmağa başlayıb, lakin yeni sifarişlərin həcmi məhdud olub" – "IDC"-nin EMEA regionunda kompüter bazarının tədqiqatları üzrə mütəxəssisi Kristel Lebesk nəticələrə öz münasibətini bildirib.
"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, Qərbi Avropa ölkələrinə FK tədarüklərinin həcmi 21,2% azalıb. Ən az eniş (14%) Böyük Britaniyada qeydə alınıb, Almaniya və Fransada sözügedən göstərici müvafiq olaraq 18,7% və 20,9% azalıb. İspaniyada FK tədarüklərinin həcmi 43% azalıb. Mərkəzi və Şərqi Avropa, həmçinin Yaxın şərq və Afrika ölkələrində vəziyyətə gəlincə, adıçəkilən regionlarda FK tədarükünün həcmi müvafiq olaraq 27% və 18% azalıb.
EMEA ölkələrinin kompüter bazarında "Hewlett-Packard" şirkəti lider olaraq qalır. "Lenovo" əvvəlki kimi ikincidir, lakin Çin istehsalçısı regionda öz mövqeyini möhkəmləndirməyə davam edir.
Emil Hüseynov
19/07/13 Çap et