Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Balaxanı Sənaye Parkına idxal edilən texnika, texnoloji avadanlıq və qurğular 7 il müddətinə ƏDV-dən azad ediləcək



Balaxanı Sənaye Parkında istehsal sahəsinin qurulması və istehsal məqsədi ilə idxal edilən texnika, texnoloji avadanlıq və qurğular 7 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək.

Digər investisiya güzəştlərinə qeydiyyata alındıqdan sonra 7 il müddətinə mənfəət (fərdi sahibkarlar isə gəlir vergisindən), torpaq,  əmlak vergisindən azadolma daxildir.

Bu barədə məlumat verən “Təmiz şəhər” ASC-dən qeyd edilib ki, parkın bir istehsal sahəsinin tullantısının digər istehsal sahəsində xammal kimi istifadə olunması, tullantıların zərərsizləşdirilməsi zamanı əldə edilən alternativ enerjinin sənaye parkında istifadə olunması imkanı, əməkdaşlıq, ümumi infrastruktur və xidmətlərdən səmərəli faydalanma, təkrar emal nəticəsində təbii resurslara və enerjiyə qənaət olunması, xammal idxalı asılılığının azaldılması faydaları var. 

Balaxanı Sənaye Parkı üçün hədəf sənayelər plastikin təkrar emalı, şin/rezinin təkrar istehsalı, elektrik və elektron cihaz tullantılarının təkrar emalı, akkumulyatorların təkrar emalı, əlvan metal və kabellərin təkrar emalı, təhlükəli məişət tullantılarının təkrar emalı (batareya, lampalar, civə tərkibli əşyalar və s.), yaşıl (təkrar emal olunmuş) məhsulların istehsalıdır.

Parkın üstünlüklərinə əlverişli şərtlərlə qısa və uzunmüddətli kredit almaq imkanı; əlverişli qiymətlə torpaq və sənaye binalarının kirayəsi, vergi və gömrük güzəştlərinin tətbiqi, magistral yola, dəmir yoluna, beynəlxalq hava limanına, dəniz limanına asan çıxışı olan çox əlverişli mövqedə yerləşməsi; Rusiyaya, Xəzər və Qara dəniz, Qafqaz və Mərkəzi Asiya ölkələri kimi önəmli ixracat bazarlarına yaxınlığı; həm yüksək səriştəli ixtisaslaşmış işçi qüvvəsi, həm də ucuz işçi qüvvəsi; vahid infrastruktur; prosedurların sadələşdirilməsi/inzibati məsələlərin həlli üçün vahid pəncərə sistemi, ümumi xidmətlərdən yararlanmaq imkanı aiddir.

Qeyd edək ki, 4 may 2011-ci il tarixli sərəncamla təsdiq olunmuş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində ölkədə təkrar istehsalı inkişaf etdirmək üçün əsas vasitələrdən biri olan Balaxanı Eko-Sənaye Parkının yaradılması qərara alınıb. 28.12.2011-ci il tarixində respublika prezidenti tərəfindən “Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” və "Bakı şəhərində Balaxanı Sənaye Parkının fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” imzalanıb. 19 dekabr 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfində Balaxanı Sənaye Parkının təməli qoyulub. Parkın yaradılmasında başlıca hədəf təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şərait yaratmaq olacaq. Park ərazisində mexaniki emal və istehsal qurğuları üçün bütün şəraitlər və lazımi dəstək hökumət tərəfindən təmin ediləcək.

Sənaye Parkının Balaxanı poliqonuna və tullantıların yandırılması zavoduna, o cümlədən əsas nəqliyyat qovşağına yaxınlığı xammal və enerji təchizatı və əldə edilmiş xam material və ya istehsal edilmiş məhsulun asanlıqla satış bazarına çıxmasına əlverişli imkan yaratmış olacaq. Yaşıl biznesin, əsasən də tullantıların təkrar emalı sənayesinə marağı artırmaq məqsədi ilə potensial sahibkar və investorlar üçün parkın xarici və daxili infrastrukturunun qurulması planlaşdırılır. Belə ki, xarici infrastruktur kimi yol salınacaq, əraziyə elektrik, qaz, su, kanalizasiya və rabitə xətləri çəkiləcək. Park girişində qeydiyyat məntəqəsi və tərəzilər qurulacaq, ərazidə ofis və əməliyyat binası tikiləcək və bütün lazımi ilkin infrastruktur yaradılacaq. 



Həqiqət İSABALAYEVA




20/07/13    Çap et