Tural Əlisoy: “Ümid edirəm ki, texnologiyalar inkişaf etdikcə, fiziki qüsurlu insanların bir çox sahələrdə aktiv iştirakına şərait yaradılacaq”
İyulun ilk günlərində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə "Startup Azərbaycan" layihəsi çərçivəsində "Azərbaycanda internet-biznes: mövcud vəziyyət və inkişaf perspektivləri" mövzusunda keçirilən konfrans bütün maraqlı tərəfləri, o cümlədən texnologiyalar sahəsində bacarıqlı gəncləri, kreativ düşünən "beyin"ləri bir araya topladı.
Maraqlısı o idi ki, gələcək fəaliyyətini innovativ düşüncələr üzərində quranlar sırasında sağlamlıq imkanları məhdud iştirakçılar da vardı. Onlardan biri - "Kinotap" saytının məzmun-idarəetmə meneceri Tural Əlisoy "Rabitə dünyası" qəzetinin əməkdaşı ilə söhbətinə İT sahəsinə olan marağı ilə başladı:
"Əngəlsiz.az" üçün əngəllər
-
Demək olar ki, aktiv internet həyatına 2010-cu ildən başladım. İlk vaxtlar evdə boş vaxtımı keçirmək məqsədilə tədricən kompüterə maraq göstərdim. Tanış olduqca gördüm ki, ondan istifadə etmək mənim üçün asandır və bu sahədə yavaş-yavaş hər şeyi öyrənirəm. Beləliklə, müxtəlif layihələrə qoşulmağa başladım. Amma hələ peşəkar səviyyədə bacarıqlı sayılmaram. Hələlik informasiya texnologiyaları sahəsində bacarıqlarımın daha da artırılması, təkmilləşdirilməsi məqsədilə öz üzərimdə işləyirəm. İT sahəsində ilk layihəm "əngəlsiz.az" saytı idi. Təəssüf ki, hazırda fəaliyyət göstərmir. Saytı yalnız bir müddət idarə edə bildik. Maddi dəstək olmadığına görə, eyni zamanda da qrup baxımından sayımız az olduğundan sayt işini davam etdirə bilmədi. Saytı yaratmaqla əngəlli insanlara kömək etmək istəyirdik. "Əngəlsiz.az"-ın məqsədi əngəlli insanların cəmiyyətə əngəlsiz inteqrasiyasına nail olmaq, onların müəyyən problemlərini sayt vasitəsilə işıqlandırmaq, yəni onlara yardım kimi bu sahədə əlimizdən nə gəlirsə, ondan istifadə etmək idi. Təəssüf ki, layihəmizi davam etdirməyə gücümüz yetmədi. Cəmiyyətdə insanların da bu layihəyə münasibəti, reaksiyası zəif oldu. Maddi dəstək olmadığına görə layihəyə qoşulanlar da yavaş-yavaş əllərini bu işdən çəkdilər. Düzü, onları da qınamıram.
Gələcəkdə böyük layihə üzərində işləsəm...
-
Layihənin dəstəklənməsi üçün konkret olaraq hansısa quruma müraciət etmisiniz?
- Açığı, bu məqsədlə dövlət qurumlarına müraciətimiz olmayıb. Layihəyə ilk başlayanda həm də özümüzü tanıtdırmaq məqsədi ilə fəaliyyətə başlamışdıq və əlimizdən gələnləri edirdik. Amma layihə ətrafında onun istiqamətini dəyişmək istəyən insanlar da olduğundan biz istədiyimizə nail ola bilmədik, saytı da təəssüf ki, davam etdirə bilmədik.
- Konfransda rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov innovativ sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən, yeni ideya və ixtiralarla bazara yeni "nəfəs" gətirə biləcək gənclərin innovativ ideyalarının dəstəklənəcəyi ilə bağlı gənclərə ümid verdi. Bu fikir sizi layihənizin üzərində yenidən işləmək, həmçinin innovativ ideyalarınızı daha da inkişaf etdirmək üçün ruhlandıra bildimi?
-
Bu fikir çox yaxşıdır və təbii ki, bəyəndim. Hər halda, bundan sonra kimsə ümidini bağlayacaq ki, gələcəkdə innovativ baxışlarını gerçəkləşdirərək işini qura biləcək. Amma mən özüm hələlik öyrənmə mərhələsindəyəm. Sayt yaratmaq və s. sahələrdə özümü təkmilləşdirməklə məşğulam. Hələ ki ilk addımımızı atırıq. Amma nazirin fikri mənə də ümid verdi ki, gələcəkdə böyük layihə üzərində işləsəm, çəkinmədən dövlətə, o cümlədən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət etmək mənə problem olmayacaq.
"
Xüsusən bizlər üçün texnologiyanın inkişafı çox yaxşı haldır"
-
Ümumiyyətlə, texnologiyalar sizin həyatınıza hansı yenilikləri gətirib?
- Xüsusən bizlər üçün texnologiyanın inkişafı çox yaxşı haldır. Texnologiyaların köməkliyi ilə müəyyən işləri elə evdə oturaraq daha asan həyata keçirmək mümkündür. Məsələn, mən artıq aktiv fəaliyyətə keçəndən sonra özümü internetsiz təsəvvür edə bilmirəm. Demək olar ki, hər gün yeni nə isə öyrənirəm. İnterneti yararlı istifadə etməyə çalışıram. Düşünürəm ki, növbəti illərdə bizim ölkəmizdə texnologiyalar daha da inkişaf edəcək. Keçən illərə baxanda bu il daha artıq texnoloji layihələr həyata keçirilir. Bu, çox yaxşı haldır. Ümid edirəm ki, texnologiyalar inkişaf etdikcə, onların verdiyi geniş imkanlarla fiziki qüsurlu insanların da bir çox sahələrdə aktiv iştirakına şərait yaradılacaq.
-
Layihələr üzərində işləməyinizi qeyd etdiniz. Hazırda fərdi şəkildə fəaliyyət göstərirsiniz, yoxsa hansısa qrupda təmsil olunursunuz?
-
Mən "Labrin" şirkəti ilə işləyirəm. Hazırda şirkətin "Kinotap" layihəsində çalışıram. Bunu da Azərbaycanda yaradılan ilk layihələrdən hesab etmək olar. "Kinotap" xarici filmlərin axtarışına imkan verən "imdb.com", "kinopoisk.ru" kimi saytların Azərbaycan versiyasıdır. Burada həm filmlər haqqında məlumatlar, həm də filmlərin Azərbaycanda olan seansları haqqında məlumatlar yerləşdiririk. Ölkədəki, xüsusən Bakıdakı bütün kinoteatrlarda olan seansların bir saytda "kinotap.com"-da yerləşdirilməsi istifadəçilər üçün rahatlıq yaradır. Hələ ki inkişaf mərhələsindəyik və getdikcə saytda bir çox yeniliklər olacaq.
"Distant təhsil bizə məsafə problemini aradan qaldırmağa imkan verdiyi üçün çox yaxşıdır"
- Təhsilinizi tamamlaya bilmisiniz?
- Mən 11 illik orta ümumtəhsil məktəbi bitirmişəm. Təəssüf ki, ali məktəb alınmadı. Düzdür, təhsil önəmlidir, vacibdir, amma gələcəyimi daha çox texnologiya, internetlə bağlı görürəm. İndi də özüm sərbəst biliyimi artırmaq üçün daim mütaliə edirəm.
- Hazırda İKT-nin təhsilə tətbiqi sayəsində istənilən insanın müxtəlif məsafədən təhsil almasına imkan verən distant təhsil sistemi yaradılıb. Təhsilin bu formasından istifadə edərək, gələcəkdə ali təhsil almaq istəyinizi də reallaşdıra bilərsiniz. Ümumiyyətlə, distant təhsilin imkanlarını necə qiymətləndirirsiniz?
- Açığı, Türk-Anadolu liseyində bir il oxudum. Amma özümə orada nə isə işıq, rahatlıq görmədim. Mənə çətinlik kimi göründü. Həm proqram baxımından, həm də gediş-gəliş çətinliyi üzündən orada təhsil almaq mənə rahat olmadı. Açıq etiraf edək ki, bu gün ölkəmizdə sağlamlıq imkanları məhdud şəxslərin küçə və ya digər ərazilərdə hərəkəti üçün müvafiq şərait yaradılmayıb. Vəziyyət ürəkaçan deyil. Əgər mən harasa əlil arabası ilə getməliyəmsə, yolum rahat olmalıdır. O baxımdan, mən bir çox yerlərdən əlimi çəkirəm. Hara asandırsa, ora getməyə çalışıram. Distant təhsilə gəlincə, təbii ki, təhsilin bu forması bizə məsafə problemini aradan qaldırmağa imkan verdiyi üçün çox yaxşıdır.
"Bu xidmət çoxdan yaradılmalı idi, amma..."
-
Hazırda ölkədə məsafə qət etmədən müxtəlif xidmətlərdən istifadə məqsədilə "Elektron hökumət" portalı da yaradılıb. Bu portal sizin kimi istifadəçilərlə yanaşı, bütün əhali üçün dövlət qurumlarının təqdim etdiyi xidmətlərdən daha rahat və asan istifadəni təmin etmək məqsədi daşıyır. Ümumiyyətlə, elektron xidmətlərdən istifadə etmisinizmi?
-
Bu xidmət çoxdan yaradılmalı idi. Həqiqətən lazımlı bir xidmətdir. Lakin burada bir çox cəhdlərimə baxmayaraq, qeydiyyatdan keçə bilməmişəm. Prosedur çox uzundur. Ancaq qeydiyyatsız formada bəzi onlayn xidmətlər - daha çox telefon, qaz və işıq barədə məlumat əldə edə bilmişəm. Xidmətin bir qədər sadələşdirilməsi, fikrimcə, daha gözəl olar. Qeydiyyatın daha da asanlaşdırılması və hansısa quruma müraciət etmədən elə evdən bunu həll etmək üçün gərəkli addımlar atılsa, çox yaxşı olar. İndi internet dövrüdür. Hər şeyin onlayn olduğu zamanda kiməsə müraciət etmədən və ya harasa getmədən istənilən işi, daha dəqiq desək, sadə işləri internet vasitəsilə etmək zəruridir. Ümid edirəm ki, bu diqqətdə saxlanılacaq.
"Mən hər şeyin gözəl olacağına inanan insanam"
- 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alan bəndlərdən biri də "Əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların İKT-dən istifadə imkanlarının artırılması üzrə işlərin həyata keçirilməsi", həmçinin "Gözdən əlillər üçün hazırlanmış mini-kompüterin təkmilləşdirilməsi"dir. Siz öz ətrafınızda olan insanların vəziyyətinin daha da asanlaşdırılması üçün hansı tədbirləri vacib sayırsınız?
-
Nəzərdə tutulan tədbirlərin hamısı çox yaxşı addımlardır. İnanıram ki, bunlar plan olaraq qalmayacaq və xarici təcrübə də əsas götürülməklə, tez bir zamanda həyata keçəcək. Texnologiyanın inkişafı baxımından şəxsən RİTN və nazirdən xahiş edərdim ki, bunları göz önündə saxlayaraq diqqətlə izləsin. Mən bir gün hər şeyin gözəl olacağına inanan insanam. Hər gün yeni bir gözəl xəbər və hadisə olacağına ümid bəsləyirəm. Ümid edirəm, bu problemlərimiz aradan qalxar.
"Pandusu düzəldənə təklif edirəm ki, əlil arabasına otursun və..."
- Sağlamlıq imkanları məhdud olan insanların məşğulluğunun təmin edilməsi üçün görülən işlər bu gün yetərlidirmi?
-
Bu işlər heç də ürəkaçan deyil. Çox zəifdir. Qanunda əlillərlə bağlı, onların hər kəsə olduğu kimi, eyni cür yanaşılması və işlə təmin olunması qaydaları sərtləşdirilməlidir. Özəl şirkətlər, yəni bu qaydaya əməl etməyənlərin cəzalandırılması qaydaları artırılmalı, əlavə olunmalıdır. Bununla yanaşı, çox istərdim ki, əlil insanlar üçün xüsusi kurslar, o cümlədən kompüter kursları yaradılsın və onların bu işlərə cəlb olunması üçün əllərindən gələni əsirgəməsinlər. Xüsusi avtobus və maşınlarla onları evlərindən bu kurslara, təhsil sahəsinə gətirərək bacarıqlarına uyğun işlərə cəlb edilməsinə də yardımçı olsunlar. Təkcə Bakıda yox, eləcə də bölgələrimizdə bu işlər görülsün. Təklif edərdim ki, xüsusi saytlar yaradılsın. Hansı ki, bu tip insanlar ora müraciət edərək özlərinə iş və ya məşğuliyyət tapsın. Mən tez-tez bu cür iş axtaran əlil insanlar görürəm. Doğrudan, bu, çox önəmlidir. Bir də ölkədə pandusların vəziyyəti heç də yaxşı deyil. Bu pandusu düzəldənə təklif edirəm ki, əlil arabasına otursun və ilk olaraq bunu tikən şəxslərin özlərinin yoxlamasını istəyirəm. Görüm, o tək özü oradan istifadə edə biləcəkmi? Mən heç vaxt yeraltı və yerüstü keçidlərdən istifadə edə bilmirəm. Səkilər də qaydasında deyil. Çox xahiş edirəm ki, lazımi qurumlar buna diqqət etsinlər, mağaza, restoran və s. bu qəbildən olan yerlərdə də əlillər üçün şəraitin yaradılmasına ciddi şəkildə əməl etsinlər. Biz onsuz da bədəndən, ayaqdan, gözdən, dildən və s. məhrum qalmışıq. Bir də bizi şəhərdən və görmək istədiyimiz şeylərdən məhrum etməyin! İnanın ki, bu, təkcə bizə lazım deyil.
Həqiqət İSABALAYEVA