Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dövlət Statistika Komitəsi istehlak tariflərinin müşahidəsi üçün istehlak qiymətləri indeksini proqramlaşdıracaq



 
Dövlət Statistika Komitəsi (DSK) istehlak qiymətləri indeksinin (İQİ) proseslər üzrə daha keyfiyyətli qurulması məqsədi ilə impyutasiya olunan məhsulların uçotunun dəqiq və mükəmməl aparılması məqsədi ilə gələcəkdə bu sahənin proqramlaşdırılmasını nəzərdə tutur. Komitədən bildirilib ki, bu sahədə keyfiyyətin yüksəldilməsi istiqamətində işlər davam etdiriləcək.

Qeyd edək ki, DSK-nın Qiymət statistikası şöbəsi son istehlak üçün satılan mal və xidmətlərin, sənaye məhsullarının istehsalçı qiymətlərinin, malların idxal və ixrac qiymətlərinin, kənd təsərrüfatı məhsullarının qiymətlərinin, tikinti işlərinin qiymətlərinin, nəqliyyat, poçt, telekommunikasiya tariflərinin müşahidəsini aparır. Mövcud qiymətlərin müşahidəsini aparmaq üçün hər bir sahə üzrə qiymət indeksləri hesablanır.

Qiymət indeksləri arasında ən geniş istifadə olunanı istehlak qiymətləri indeksidir ki, bu ölkənin inflyasiya səviyyəsini əks etdirməklə yanası, əhali tərəfindən əldə edilən istehlak malları və xidmətlərinin təsbit edilmiş qiymətlərinin zamana görə dəyişməsini xarakterizə edir:

"İQİ milli hesablar sistemi göstəricilərinin müəyyənləşdirilməsində ümumi daxili məhsulun son istifadəsinin ən mühüm komponentlərindən olan, ev təsərrüfatlarının son istehlakına çəkilən xərclərin sabit qiymətlərdə hesablanmasında, eləcə də əhalinin gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsində istifadə olunur: "İstehlak qiymətləri indeksinin hesablanması məqsədi ilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər üzrə 9500 ticarət və iaşə obyektində statistik müşahidələr aparılır. Alıcılar tərəfindən daha çox mal və xidmətlərin əldə edildiyi müəssisələrin baza müəssisələri kimi seçilməsi daha məqsədəuyğun hesab edilir, bu cür seçim xətaların da aradan qalxmasına səbəb olur. İlin əvvəlində seçilmiş baza
müəssisələri tərəfindən mütəmadi olaraq verilən qiymətlər əsasında İQİ-nin hesablanması həyata keçirilir.

Qiymətlər hər ayın 1-dən 30-na kimi qeydə alınır. Qeydə alınmış məlumatlar hər ayın 30-dan gec olmayaraq, Qiymət statistikası şöbəsinə elektron sənəd dövriyyəsi vasitəsilə göndərilir. Dünya təcrübəsinə
əsaslanaraq, "İQİ Laspeyres" düsturu ilə hesablanır. İndeksin hesablanmasında ölkənin xüsusiyyətləri nəzərə alınaraq, 565 reprezentativ mal və xidmət növü üzrə toplanmış qiymət və tarif məlumatlarından istifadə edilir".

Həqiqət İSABALAYEVA




22/07/13    Çap et