Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

AMEA prezidenti: “Bizneslə elmin əlaqəsi yalnız innovativ formada ola bilər”



Sovet dövründə alimlərin əldə etdiyi nəticələrin istehsalatda tətbiqinin zəif forması vardı. Alim nailiyyəti varsa, istehsalatın, iqtisadiyyatın hazır olmaması  səbəbindən heç bir yerdə tətbiq edə bilmirdi. Amma bu gün bizneslə elmin əlaqəsi yalnız innovativ formada ola bilər.

Bu fikri AMEA Rəyasət Heyətində keçirilən mətbuat konfransında akademiyanın prezidenti, akademik Akif Əlizadə bildirib.

Akademik qeyd edib ki, bizneslə elm AMEA-da yeni yaradılan şöbə vasitəsilə əlaqələndirilərək, geniş şəkildə inkişaf etdirilməlidir:

“Yalnız bu halda elmin istehsalatda tətbiqi mütləq olacaq. İndi də kimyaçılarımız və s. tərəfdən elmin istehsalatda cüzi tətbiqləri var. Amma biz istəyirik ki, Azərbaycan elmi biznesə tətbiq olunub, o biznesdən gələn maliyyə akademiyada yenə reinvestisiya olunub təkrar elmin inkişafına yönəlsin. Əfsuslar olsun ki, yaradılan texnoparklar başqa texnologiyalar, yəni xarici texnologiyalar əsasında fəaliyyət göstərirlər. Təəssüf ki, akademiyanın, Azərbaycan alimlərinin elmi nəticələri orada bir o qədər də tətbiq edilmir. Bizim fikrimiz isə onlardan fərqli park, yəni akademik texnopark yaratmaqdır ki, elmi nəticələr orada reallaşmaqla istehsalatda tətbiqini tapsın”.
 
Həqiqət İSABALAYEVA




22/07/13    Çap et