Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakı şəhəri üzrə 5 rayonun sadə modelli elektron kadastr məlumat bazası yaradılacaq
Bakı şəhərinin 5 rayonu (Səbail, Yasamal, Nəsimi, Nərimanov, Xəzər) üzrə daşınmaz əmlaklar haqqında mükəmməl, həmçinin respublikanın 53 şəhər və rayonu üzrə sadə modelli elektron kadastr məlumat bazasının yaradılması işlərinin icrası ilə bağlı açıq tender elan olunub.
Bu fikri Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) keçirilən müşavirədə ƏMDK sədri Kərəm Həsənov bildirib. Onun sözlərinə görə, daşınmaz əmlakın rəqəmli kadastr xəritələrinin yaradılması, ortofotoxəritələrin idarə edilməsi, kadastr məlumat modelinin təkmilləşdirilməsi sahəsində, Bakı, Sumqayıt və Gəncə şəhərlərinin kadastr xəritələrinin tərtib olunmasında müəyyən işlər görülüb:
“Respublika prezidentinin “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” fərmanının icrası məqsədi ilə “Bakı şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi” layihəsinin icrası istiqamətində işlər aparılıb. Sadə modelli elektron kadastr məlumat bazasının yaradılmasına gəlincə, Bakı şəhəri üzrə sözügedən işlərin müqavilə imzalandıqdan sonra 1 il müddətində, respublikanın rayonları üzrə işlərin isə müqavilə imzalandıqdan sonra 5 ay müddətində icrası planlaşdırılır. 520-yə yaxın daşınmaz əmlak obyekti barədə çöl geodeziya ölçmə işləri aparılmış, bütün bu məlumatlar bazada toplanmış, hər bir daşınmaz əmlak obyekti üzrə kadastr planları tərtib edilib”.
Həqiqət İSABALAYEVA
23/07/13 Çap et