Kərəm Həsənov: “Elektron xidmətlər vasitəsilə 5000-dən çox müraciətə baxılıb”
“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanın icrası istiqamətində Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən müvafiq işlər həyata keçirilib.
Belə ki, komitə tərəfindən 13 interaktiv, 3 informativ xarakterli elektron xidmət istifadəyə verilib. Bu xidmətləri bir virtual məkanda birləşdirən “
www.e-emdk.gov.az” elektron xidmətlər portalı yaradılıb. Portalın istifadəyə verilməsi əhaliyə daha çevik, operativ və etibarlı xidmətlərin göstərilməsini təmin edir. Artıq bu xidmətlər vasitəsilə Bakı və respublikanın müxtəlif bölgələrindən 5000-dən çox müraciət daxil olub və baxılıb.
Bu fikri Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) keçirilən müşavirədə ƏMDK sədri Kərəm Həsənov bildirib. Onun sözlərinə görə, ötən müddət ərzində komitənin fəaliyyət istiqamətləri üzrə inkişaf etmiş ölkələrin qabaqcıl təcrübələrinin öyrənilməsi məqsədilə beynəlxalq əməkdaşlıq da inkişaf etdirilib:
“Dünya Bankı, Almaniya İnkişaf Bankı (KfW), Almaniyanın Beynəlxalq Əməkdaşlıq (GİZ) təşkilatı, Norveç Kadastr və Xəritəçəkmə təşkilatı və digər xarici qurumlarla layihələr həyata keçirilir. BMT Avropa İqtisadi Komissiyasının (AİK) Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupunun sessiyasında Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi BMT AİK Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupunun, eləcə də İşçi Qrupunun Bürosunun sədri seçilib. Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi nüfuzlu beynəlxalq təşkilatlardan olan “EuroGeographics” Assosiasiyasına üzv qəbul edilib. Eyni zamanda, BMT-nin Avropa İqtisadi Komissiyası, USAİD, Bolqarıstan Respublikasının Özəlləşdirmə və Özəlləşdirmədənsonra Nəzarət Agentliyi, Avropa İttifaqının “Tvinninq” və “TAİEX” təşkilatları ilə əməkdaşlıq davam etdirilib”.
İclasın sonunda daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı əhaliyə göstərilən xidmət keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılması, bu sahədə şəffaflığın və səmərəliliyin daha da artırılması məqsədi ilə komitədə elektron xidmətlərin tətbiqinin genişləndirilməsi və bu sahədə görülən işlərin daha da sürətləndirilməsinin vacibliyi bildirilib.
Həqiqət İSABALAYEVA