Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünya Bankının nümayəndəsi: “Azərbaycanda genişzolaqlı internet istifadəçilərinin sayı digər region ölkələri ilə müqayisədə üstündür”
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı Mona Prasad ilə görüş keçirilib.
Görüşdə əvvəlcə M.Prasadın Dünya Bankının Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsində həyata keçirdiyi layihələr və gözləntilərlə bağlı dversifikasiya hesabatı dinlənilib.
Ölkəmizdə İKT-nin region ölkələri ilə müqayisədə sürətlə inkişaf etdiyini vurğulayan M.Prasad neft gəlirlərinin İKT-nin inkişafına yönləndirilməsini müsbət hal kimi qiymətləndirib.
“Kanada və Norveç də neft ixrac edən ölkələrdir. Lakin onlar artıq dünyanın inkişaf etmiş ölkələrinə çevriliblər. Çünki neft gəlirləri ilə qeyri-neft sektorunu inkişaf etdirə biliblər. Lakin dünyada bəzi neft ixrac edən dövlətlər var ki, onlar çoxgəlirli ölkəyə çevrilə bilməyiblər. Biz görürük ki, Azərbaycan da sürətli inkişaf istiqamətini hədəf seçib və prioritet istiqamətlər sırasında qeyri-neft sektoru əsas üstünlüyə malikdir. Qeyri-neft sektoru üzrə ən inkişaf edən sahələrdən biri isə informasiya-kommunikasiya texnologiyaları sektorudur: “Genişzolaqlı internet istifadəçilərinin sayının artdığını müşahidə edirik. Bu göstəricilər digər region ölkələri ilə müqayisədə üstündür. Hesab edirik ki, qarşıdakı illərdə artım daha çox olacaq”.
2005-ci ildən etibarən Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində 2 dəfə inkişaf qeydə alındığını söyləyən M.Prasad qeyd edib ki, bu gün İKT ölkə iqtisadiyyatının mühüm hissəsini təşkil edir: “Sadəcə olaraq neft gəlirləri artdığından bu, bir o qədər də hiss olunmur”.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə də öz növbəsində bildirib ki, hazırda Azərbaycanda internetin imkanları daxili istifadədən üstündür. Ölkədə böyük layihələr həyata keçirildiyini, internetin ötürülməsi istiqamətində tranzit ölkəyə çevrildiyini və infrastrukturun daha da genişləndirildiyini vurğulayan E.Vəlizadə qeyd edib ki, Azərbaycanın internet bazarında çox böyük rəqabət mühiti formalaşdırılıb. Azərbaycanın 2020-ci ilə qədər inkişaf planının qəbul olunduğunu, texnoparkların və İnformasiya Texnologiyaları Universitetinin yaradıldığını önə çəkən nazir müavini əlavə edib ki, sözügedən sahənin daha da inkişaf etdirilməsi məqsədi ilə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu təsis edilib:
“Ölkənin artıq 14 universitetində İKT sahəsində fənlər tədris edilir. Burada tələbələr İT sahəsində fəaliyyət göstərən şirkətlərlə sıx əməkdaşlıq edirlər”.
24/07/13 Çap et