Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hakerlər “Viber” messencerinin verilənlər bazasına və saytına müdaxilə ediblər


Suriya prezidenti Bəşər Əsədi dəstəkləyən "Suriya elektron ordusu" adlı haker qrupu bu gün twitter mikrobloqları vasitəsilə istifadəçilərə xəbərdarlıq edib ki, daha "Viber" mobil messencerindən istifadə etməsinlər. Hakerlər iddia edirlər ki, onlar "Viber" messencerinin  istifadəçilərinin verilənlər bazasına və şirkət-operatorun saytına müdaxilə etməyə müvəffəq olublar.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, bundan dərhal sonra "Viber"in texniki dəstək səhifəsində "Hacked by Syrian Electronic Army" məlumatı yerləşdirilib. "Suriya elektron ordusu"nun üzvləri, həmçinin bildiriblər ki, İsrailin "Viber" şirkət-operatoru istifadəçilərin danışıqlarını və mesajlarını izləyir. Hazırda "Viber"in saytı əlçatmazdır.

Qeyd edək ki, hazırda Viber messencerindən 200 milyon insan istifadə edir. Messencer ödənişsiz mesaj mübadiləsi etməyə, həmçinin "Wi-Fi" texnologiyası üzrə ödənişsiz zənglər etməyə imkan verir.
"Viber" şirkətinin bəyanatına əsasən, şirkətin saytına müdaxilə edilib, lakin heç bir istifadəçi məlumatı ələ keçirilməyib.

Emil Hüseynov




24/07/13    Çap et