Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın elmi nəşrlərinin beynəlxalq elmi bazalarda qeydiyyatı müzakirə edilib


 

 
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində AMEA-nın təsisçiliyi ilə nəşr olunan elmi jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə aparılan monitorinqin nəticələrinin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.

AMEA-dan verilən məlumata görə, AMEA-nın akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyevin rəhbərliyi ilə keçirilən iclasda institutun bir qrup əməkdaşı və akademiyanın müvafiq bölmələrinin rəhbərləri iştirak ediblər.

Öncə AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Rəhilə Həsənova monitorinqin nəticələrini diqqətə çatdıraraq bildirib ki, monitorinq AR Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər qarşısında qoyulan tələblər”ə müvafiq olaraq aparılıb. Dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin qarşısında qoyulan tələbləri nəzərə çatdıran R.Həsənova ayrı-ayrı bölmələr üzrə dərc olunan jurnallara dair geniş təhlillər zamanı əldə olunmuş statistik məlumatları nəzərə çatdırıb. Jurnalların beynəlxalq elmi bazalarda qeydiyyatı üçün qoyulan tələblər, sözügedən bazalarda qeydiyyatdan imtina səbəbləri haqqında geniş məlumat verib.  

Müzakirə zamanı bildirilib ki, qloballaşan dünyada elmin hər bir ölkənin davamlı inkişafını təmin edən sahələrdən biri kimi nüfuzunun artması elmi jurnalların beynəlxalq standartlara uyğunlaşdırılması tələbini aktuallaşdırır. Bu səbəbdən AMEA-da nəşr olunan elmi jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılması, alimlərimizin dünyanın tanınmış beynəlxalq elmi bazalarında təmsil olunması, bir sözlə, Azərbaycan elminin dünya elminə inteqrasiyası prosesinin sürətləndirilməsi zəruridir. Sonda problemin kompleks həlli ilə bağlı rəy və təkliflər səsləndirilib.


Həqiqət İSABALAYEVA




24/07/13    Çap et