Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanlı gənc alimlər bundan sonra müasir standartlara uyğun elmi tədqiqatlar apara biləcəklər
Azərbaycanlı gənc alimlər bundan sonra Avropanın elmi mərkəzlərində müasir standartlara uyğun elmi tədqiqatlar apara biləcəklər. Məhz bu məqsədlə Avropada doktorantura təhsili almağa göndəriləcək gənc alimlərin müəyyənləşdirilməsiüçün müsabiqə elan edilib.
AMEA-dan verilən məlumata görə, respublika prezidenti “Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında” 9 fevral 2010-cu il tarixli 719 №-li sərəncam imzalayıb: “Sərəncamın icrası ilə əlaqədar AMEA-da Müsabiqə Komissiyası yaradılıb və müsabiqə əsasında AMEA-nın elmi müəssisə və təşkilatlarından 14 nəfər gənc alim seçilərək Avropanın nüfuzlu elmi mərkəzlərinə doktoranturaya göndərilib.
Dövlət başçısının tapşırığına əsasən, gənc alimlərin xarici ölkələrin nüfuzlu elm mərkəzlərində doktorantura təhsili alması, müasir standartlara uyğun elmi tədqiqatlar aparması, ölkəmizin elmi kadr potensialının gücləndirilməsi, beynəlxalq elmi əlaqələrin genişləndirilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyası baxımından mühüm əhəmiyyətə malikdir.
AMEA-nın Rəyasət Heyəti 3 iyul 2013-cü il tarixli qərarı ilə yeni təhsil ili üçün Avropanın elmi mərkəzlərinə elmlər doktoru proqramı üzrə doktoranturaya göndəriləcək gənc alimlərin müəyyənləşdirilməsi məqsədilə növbəti müsabiqə elan edib”. Müsabiqədə iştirak etmək istəyənlər (fəlsəfə doktoru elmi dərəcəsi olan və xarici dillərdən birini yüksək səviyyədə bilən) müvafiq sənədləri AMEA-nın Elmi-Təşkilat İdarəsinə (Bakı ş., İstiqlaliyyət küç., 10) təqdim etməlidirlər.
Qeyd edək ki, sənəd qəbulu 1 sentyabr 2013-cü il tarixinədək davam edəcək.
Həqiqət İSABALAYEVA
25/07/13 Çap et