Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnsanları kədərləndirən sosial şəbəkə hansıdır?
Amerikanın “Slate” jurnalının araşdırma qrupunun gəldiyi nəticəyə əsasən, istifadəçilərin fotoşəkil və videolarını yerləşdirdiyi “Instagram” xidməti ən üzücü sosial şəbəkə adlandırılıb.
Sözügedən nəşrdə qeyd edilir ki, yüzlərlə başqa insanların səyahət və bayram fotoşəkillərinə baxmağa imkan yaratmış “Instagram” xidməti eyni imkanlara malik olmayan bir çox insanları öz taleyindən küsdürür, onlarda qısqanclıq və tənhalıq hissi yaradır.
Materialın müəllifi Cesika Uinter qeyd edib ki, “Facebook” da eyni təsirə malikdir, lakin “Instagram” fotoşəkillərin yerləşdirilməsinə hədəflənib və bu, bizim emosiyalarımıza mətnlə müqayisədə daha güclü təsir edir.
“Facebook”da olduğu kimi “Instagram” xidmətində də insanlar “layk”dan çox asılıdırlar, lakin sonuncu xidmətdə sevimli fotoşəkilə az sayda “layk” verilməsi insanları daha çox məyus edə bilər.
Bununla belə, psixoloqlar başqa insanların xoşbəxtliyini əks etdirən fotoşəkillərə çox da inanmağı və paxıllıq etməməyi məsləhət görürlər. Məsələn, istirahətdə çəkdirdikləri fotoşəkillərini yerləşdirən cütlük bəlkə də hər bir şəkillə bağlı mübahisə ediblər.
Emil Hüseynov
26/07/13 Çap et