Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Amazon” əməkdaşlarının sayını artırır


"Amazon" internet mağazası ABŞ-da sifarişlərin emalı üzrə 17 mərkəzə 5 min yeni işçi qəbul edəcək. Şirkətin məlumatına görə,  növbəti işçi qəbulu ilə korporasiyanın əməkdaşlarının sayı 25 faiz artacaq. Bundan başqa, "Amazon" müştəri xidmətləri şəbəkəsinə daimi və mövsümi vəzifələrə 2 mindən çox əməkdaş cəlb edəcək.

Son illər şirkət malların çatdırılma sürətini artırmaq və xərcləri azaltmaq üçün yeni sifariş emalı mərkəzlərinin tikintisini fəal şəkildə həyata keçirir. Anbarlarda robot qurğular işləyir, lakin şirkət daima malların seçilməsi və qablaşdırılması ilə məşğul olmaq üçün işçi ştatını genişləndirir.

Ötən il "Amazon"un baş direktoru Ceff Bezos şirkətin saytında əməkdaşların kurslara cəlb edilməsi ilə bağlı proqrama start verildiyini  elan etmişdi.

Çərşənbə axşamı ABŞ prezidenti Barak Obama ölkədə işlə təmin olunma məsələlərinin müzakirəsi üçün "Amazon"un Tennesi ştatında yerləşən mərkəzində olub,- "Digit www.digit.ru" yazır. 

Qeyd edək ki, "Amazon" (www.amazon.com) ABŞ-ın malların satışı üzrə məşğul olan nəhəng internet şirkətidir. 2012-ci ildə şirkətin mədaxili 61 milyard dollar təşkil edib. Dünyada şirkətin 97 minə yaxın əməkdaşı çalışır.







30/07/13    Çap et