Böyükölçülü maye-kristal panellərə tələbat artacaq
2013-cü ilin ikinci yarısında dünya bazarına təxminən 357 milyon ekran diaqonalı 9 düymdən başlayan iriformatlı "TFT LCD" panel tədarük ediləcək. Bu barədə Tayvanın "Digitimes Research" analitik təşkilatının ekspertləri proqnoz veriblər.
Qiymətləndirmə özünü doğrultsa, bu məhsulun tədarük həcmi ilin birinci yarısı ilə müqayisədə 5,8 faiz artacaq, lakin 2012-ci ilin müvafiq dövrünün göstəricisindən 8,4 faiz aşağı olacaq.
Məhsulların hansı sahədə tətbiq edilməsi baxımından daha çox tərəqqi kompüter monitorları və noutbuklar üçün displey seqmentində gözlənilir. Belə ki, sözügedən məhsulların tədarük həcmi cari ilin birinci yarısından 9,2 və 8,6 faiz çox olmalıdır.
Televizorlar üçün maye-kristal panellərə gəldikdə, burada artım 2,4 faizə bərabər olacaq. Zəifləmə Çin bazarı tərəfindən tələbatın azalması ilə izah edilir.
Planşet kompüterlər üçün panellər seqmentində mütəxəssislər cüzi – cəmi 0,4 faizlik artım gözləyirlər,- "DailyComm
www.dailycomm.ru" yazır.
Ekspertlər qeyd edirlər ki, "Innolux Corporation", "AU Optronics" kimi Tayvan istehsalçıları böyükölçülü maye-kristal panellərinin proqnozlaşdırılan həcminin xeyli hissəsini təmin edəcəklər. Şirkətlərin 134 milyon ədəd bu məhsuldan tədarük edəcəkləri gözlənilir ki, bu da ilin birinci yarısından 7,7 faiz çoxdur. "Digitimes Research" nümayəndələri bildiriblər ki, artım əsasən noutbuklar üçün panel istehsalının genişləndirilməsi ilə əlaqədardır.