“Samsung” elektron komponentlərin buraxılması üzrə biznesə daha çox investisiya yatıracaq
2013-cü ildə “Samsung Electronics” şirkəti elektron komponentlərin buraxılması üzrə biznesə təxminən 19,5 trilyon Cənubi Koreya vonu (təxminən 17,5 milyard dollar) və ya bu il üçün planlaşdırılan ümumi kapital qoyuluşunun 81,25 faizi məbləğində investisiya yatırmağı nəzərdə tutur.
Göstərilən məbləğdən 13 trilyon vonun şirkətin yarımkeçiricilər biznesinin inkişafına, qalan 6,5 trilyon vonun isə displey bölməsinə yönəldilməsi planlaşdırılır.
Bu il “Samsung” investisiyalara ümumilikdə 24 trilyon von (təxminən 21,5 milyard dollar) ayırmağa hazırlaşır. Müqayisə üçün qeyd edək ki, 2012-ci ildə şirkətin kapital xərcləri 22,8 trilyon vona bərabər olub. Kapital qoyuluşu ilə bağlı plan şirkət ötən maliyyə rübünün yekunlarını açıqladıqdan və 9,53 trilyon von məbləğində yüksək mənfəət əldə etdikdən sonra məlum olub. Rekord göstəriciyə baxmayaraq istehsalçı mobil bölmədə artımın zəifləməsi barədə xəbərdarlıq edib. Ötən rübdə smartfon biznesi Cənubi Koreya şirkətinin əməliyyat mənfəətinin 66 faizini təmin edib. İllik hesablamada seqmentdə gəlirlər 54 faiz artıb, rüblük nisbətdə bu fəaliyyətdən əldə edilən mənfəət 19,8 faizdən 17,7 faizədək azalıb.
Elektron komponentlərin buraxılışı üzrə biznes daha inamlı nəticələr nümayiş etdirir. Belə ki, “Samsung” mikrosxemlər satışından əməliyyat mənfəətinin təxminən18 faizini qazanıb, ötən rübdə isə bu biznes bir il əvvəlkindən 71 faiz daha gəlirli olub və 1,76 trilyon von qazanc gətirib. Bundan başqa, şirkətin displey satışlarından 1,12 trilyon von əməliyyat mənfəəti qazanması da bildirilir, halbuki bir il əvvəl bu göstərici 710 milyard vona bərabər olub,- “DailyComm
www.dailycomm.ru” yazır.