Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiya astronomları Andromeda Qalaktikasının ilk ətraflı şəklini çəkiblər



Yaponiya astronomları Havay adalarında quraşdırılmış "Subaru" teleskopu üçün xüsusi olaraq hazırlanmış yeni "Hyper Suprime-Cam" (HSC) fotokamerasını ilk sınaqdan keçiriblər. Fotokameranın köməyi ilə onlar dünyada ilk dəfə olaraq Andromeda Qalaktikasının şəklini yüksək təsvir ölçüsündə - 870 milyon pikseldə çəkməyə nail olublar.  

"Andromeda Qalaktikasının əldə olunan fotoşəkilləri öz dəqiqliyinə görə adamı heyran edir. Yeni kamera sayəsində biz, nəhayət, ilk çəkilmiş fotoşəkillərdə olan kənar ləkələrdən yaxa qurtara bildik", - yerli KİV-ə müsahibədə Yaponiya Milli Astronomiya Rəsədxanasının professoru Satosi Yamadzaki bildirib. 

Yaxın vaxtlarda alimlər Andromeda Qalaktikasının çəkilən şəkillərini daha ətraflı təhlil etmək, eləcə də kamera və teleskopun çəkə biləcəyi yeni qalaktikaların  tədqiqinə başlamaq niyyətindədirlər. "Yeni kameranın obyektivi "Suprime-Cam" model ilə müqayisədə ulduzlu səma sahəsini 7 dəfə daha çox əhatə edə bilir. Gələcəkdə bu bizə Yer kürəsinin tarixi və inkişafı barədə daha ətraflı məlumat əldə etməyə imkan verəcək", - S.Yamadzaki qeyd edib.

Qeyd edək ki, çəkisi 3 ton və hündürlüyü 3 metr təşkil edən "HSC" kamerası 2012-ci ilin avqustunda Mauna-Kea adasında (Havay adaları) 8 metrlik "Subaru" teleskopuna quraşdırılıb və il ərzində sazlama və sınaqdan keçirilib.  

Andromeda Qalaktikası və ya Andromeda dumanlığı bəşəriyyətə məlum olan ən məşhur qalaktikadır. Astronomların məlumatına görə, onun tərkibinə təxminən 1 trilyon ulduz daxildir. Yer kürəsindən Andromedə olan məsafə 2,3 milyon işıq ilinə yaxındır.

Açıq gecə səmasında Andromeda Qalaktikasını gözlə görmək mümkündür. Yerdən qalaktikayadək olan məsafəyə nisbətdə onun ərazisi 7 tam Aya bərabər olsa da, yalnız qalaktikanın özəyi yaxşı görünür, - "İTAR-TASS www.itar-tass.ru" yazır.   
 
 




02/08/13    Çap et