“İnformatika” fənninin məsafədən tədrisi ölkənin bütün regionlarında tətbiq ediləcək
AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) Tədris-İnnovasiya Mərkəzi (TİM) cari ilin fəaliyyət planına uyğun olaraq yarım il ərzində görülən işlər və həyata keçirilən layihələrlə bağlı hesabat verib.
Hesabat məruzəsi ilə çıxış edən TİM-in rəhbəri
Rəsmiyyə Mahmudova mərkəzdə aparılan elmi-nəzəri, elmi-innovativ və praktiki fəaliyyətin nəticələri haqqında məlumat verib. İTİ-dən bildirilib ki, R.Mahmudova təhsil proseslərinin informasiyalaşdırılması problemləri istiqamətində aparılan elmi araşdırmalar, respublikanın doktorant və dissertantlarına informatika fənninin tədrisi və doktorluq imtahanlarının qəbulu, distant tədris xidmətlərinin həyata keçirilməsi, dövlət qurumlarının və digər müəssisələrin əməkdaşları üçün İT kurslarının təşkili, regionlarda ümumtəhsil məktəblərinin müəllimlərinin kompüter bacarıqlarının artırılması istiqamətində görülən işlərdən bəhs edib.
Mərkəzin rəhbəri doktorant və dissertantlardan informatika fənni üzrə doktorluq imtahanlarının qəbulunda ilk dəfə olaraq tətbiq edilən kompüter test sisteminin üstünlüklərindən danışaraq semestr ərzində bu üsulla 678 nəfərin imtahan verdiyini qeyd edib.
O, bu sistemin imtahan prosesinin daha şəffaf keçirilməsi, nəzəri və praktiki biliklərin daha operativ olaraq yoxlanılıb qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Tədris-İnnovasiya Mərkəzinin rəhbəri Naxçıvan MR-də yaşayan doktorant və dissertantlara “İnformatika” fənninin məsafədən tədris edilməsi məqsədi ilə mərkəzdə tətbiq edilən distant təhsilin müsbət nəticələrini qeyd edib və bu təhsil üsulunun ölkənin digər regionlarında da tətbiq edilməsi işlərinin aparıldığını bildirib.
Həqiqət İSABALAYEVA