Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Böyük Britaniyada Azərbaycanın “Elektron hökumət” sahəsində qazandığı nailiyyətlərdən bəhs edilib


Azərbaycanın İKT sahəsində əldə etdiyi uğurların sorağı bu dəfə Böyük Britaniyadan gəlib. Belə ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədov Böyük Britaniyada keçirilən Kembric konfransında BMT-nin Qlobal Geoməkan İnformasiyasının İdarəolunması üzrə Ekspertlər Komitəsinin üçüncü sessiyasında təqdimatında bu barədə iştirakçılara ətraflı məlumat verib.

Q.Məmmədov bildirib ki, XXI əsrin ilk onilliyində ölkəmizdə informasiya və kommunikasiya texnologiyaları sürətlə inkişaf edib və dünya ölkələrinin sosial-iqtisadi həyatına təsir edən qloballaşma prosesindən kənarda qalmayıb.

Ölkəmizdə geoməkan informasiyalarının idarəedilməsi sahəsindəki yeniliklərdən və uğurlardan bəhs edən akademik Azərbaycanda xəritəçəkmə və analiz sahələrində istifadə olunan müasir texnologiyalar haqqında məlumat verib: "Azərbaycan bir neçə ay bundan əvvəl süni peyki olan ölkələr sırasına da daxil olub. Azərbaycanın vahid elektron kartoqrafiya bazası mövcuddur.

Ölkənin inkişaf strategiyasında bu sahə mühüm əhəmiyyət kəsb edir. İnformasiya cəmiyyətinə keçid, səmərəli və şəffaf dövlət idarəçiliyini həyata keçirməyə imkan verən elektron idarəetmə sisteminə çox böyük maraq var". Konfransda Azərbaycanın dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və ölkədə "Elektron hökumət"in formalaşdırılması istiqamətində əldə olunmuş nailiyyətlər xüsusi vurğulanıb.
 
 
Həqiqət İSABALAYEVA
 




02/08/13    Çap et