Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda gələn həftə peyk orbitlərinin və tezlik çeşidlərinin istifadəsinin tənzimlənməsi üzrə beynəlxalq tədbir keçiriləcək




Bakıda 6-7 avqust tarixində Peyk orbitlərinin və radiotezlik çeşidinin istifadəsinin tənzimlənməsi üzrə komissiya yanında radioyayım üzrə işçi qrupun ikinci iclası keçiriləcək.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, iclasda radioyayım üzrə işçi qrupun iş planının icrası ilə bağlı məsələlərin, yerüstü rəqəmli televiziya yayımının tətbiqi, DVB-T2 standartında mühafizə münasibətləri hissəsində "Regional Rabitə Birliyinin Rabitə İdarəsinin rəqəmli televiziya yayımı şəbəkələrinin planlamasının texniki əsasları üzrə tövsiyələri" layihəsinin yeni redaksiyada hazırlanması məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

Eyni zamanda, tədbir çərçivəsində öncə ümumi sinxron şəbəkələrdə 148,5-283,5 kQs, 526,5-1606,5 kQs diapazonlarında istifadə edilən tezlik mənimsəmələrinin əlaqələndirilməsi ilə bağlı RRB-yə üzv ölkələrin rabitə idarələri arasında regional saziş çərçivəsində aparılan işlər, onların müstəqil iş rejimində və "Cenevrə-75" modifikasiya planında istifadəsi də müzakirə mövzusu olacaq.

Bununla yanaşı, iclasda yerüstü yayım xidmətinin təkrar planlama imkanlarının müəyyən edilməsi üzrə ilkin materiallara baxılacaq. 2015-ci ildən sonra rəqəmli teleradioyayımın 694-790 MHz tezlik zolağının istifadəsi üzrə təkliflərin hazırlanması da nəzərdə tutulub.

Tədbirdə həmçinin 2015-ci ildə keçid dövrü bitdikdən sonra rəqəmli səs yayımının tətbiqi və analoq televiziya stansiyalarının istifadəsi məsələləri müzakirə ediləcək.

Aynur Vəliyeva




03/08/13    Çap et