Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanı “Vikimania”da iki vikipediaçı təmsil edəcək
7-11 avqust tarixlərində Honkonqda "Vikimania 2013" beynəlxalq konfransı keçiriləcək. Builki konfransda Azərbaycan dilində olan "Vikipedia"nı idarəçilər, Rövşən Ramizoğlu və Elgün Atalıyev təmsil edəcəklər.
"Vikimania" 2005-ci ildən etibarən ildə bir dəfə dünyanın müxtəlif şəhərlərində "Vikipedia" və digər əlaqəli layihələrin redaktorlarının iştirakı ilə keçirilən beynəlxalq konfransdır. Burada dünyanın onlarla ölkəsindən yüzlərlə vikipediaçı iştirak edir, "Vikipedia"nın bu günü və gələcək inkişaf perspektivləri müzakirə olunur, mühazirələr və praktiki görüşlər təşkil edilir. Mühazirələrdə vikipediaçılar öz ölkələrində və ya ümumiyyətlə, "Vikipedia"da və onunla əlaqəli digər layihələrdə rastlaşdıqları problemlər, onların həlli yolları, saytın quruluşunda və yazılmasındakı yeniliklər və s. barədə məlumatlar verirlər. Konfransın əsas məqsədlərindən biri bütün dünyadakı aktiv vikipediaçılar arasında təmasların qurulmasına vasitəçi olmaqdır.
Builki konfrans Çinin xüsusi inzibati ərazisi olan Honkonqda keçiriləcək və sevindiricidir ki, bu il ilk dəfə olaraq, Azərbaycanı "Vikimania"da iki vikipediaçı təmsil edəcək.
Rövşən Ramizoğlu bildirdi ki, azərbaycandilli "Vikipedia"da məqalə sayı artıq 95 mini keçib və müxtəlif sahələrə aid kifayət qədər zəngin məqalələr var. Onun sözlərinə görə, hal-hazırda azvikinin təxminən 50-yə yaxın fəal redaktoru var ki, bu da Azərbaycan kimi ölkədə elə böyük bir qəzet redaksiyası deməkdir.
Elgün Atalıyev isə "Vikipedia"nın bu gün dünyanın 5-ci məşhur saytı olmasına baxmayaraq, Azərbaycanda hələ də lazımınca tanınmadığını, kütləvi informasiya vasitələrinin onun təbliğinə diqqət ayırmadıqlarını qeyd etdi.
05/08/13 Çap et