Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Milli əxlaqi keyfiyyətlərə mənfi təsir göstərən elektron məlumat daşıyıcılarının Naxçıvana gətirilməsinin qarşısı alınıb
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində infrastruktur islahatları ilə yanaşı, maddi-texniki bazanın gücləndirilməsi ötən dövr ərzində əsas prioritetlərdən biri olub. Belə ki, Culfa və Şahtaxtı gömrük sərhəd buraxılış məntəqələrində nəqliyyat vasitələrinə gömrük nəzarətinin keyfiyyətini artırmaqdan ötrü rentgen nəzarəti qurğuları (X-ray) qurulub, həmçinin iş prosesinin 24 saat ərzində kameralarla izlənilməsini, çatışmazlıqların vaxtında aşkarlanaraq operativ müdaxilələrlə aradan qaldırılmasını təmin etmək məqsədilə komitədə “Hədəf mərkəzi” istifadəyə verilib, tabeli gömrük orqanlarında müşahidə otaqları yaradılıb.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin (NRDGK) sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov NRDGK-də cari ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələr mövzusunda keçirilən kollegiya iclasında məlumat verib.
Bundan başqa, milli əxlaqi keyfiyyətlərə mənfi təsir göstərən 129 ədəd elektron məlumat daşıyıcısı və dini dəyərlərlə uzlaşmayan 565 ədəd dini kitab və broşür, 57 ədəd elektron məlumat daşıyıcısının xaricdən muxtar respublikaya gətirilməsinin qarşısı alınıb. Gömrük orqanlarında iş prosesinin avtomatlaşdırılması və elektron xidmətlərin arealının genişləndirilməsi işi də davam etdirilib. Muxtar respublika gömrük orqanlarının “dgk.nmr.az” rəsmi internet portalı istifadəyə verilib, göstərilən elektron xidmətlərin keyfiyyəti və arealı artırılıb.
Həqiqət İSABALAYEVA
05/08/13 Çap et