Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda İKT inkişaf indeksi son bir ildə 21% artıb



Azərbaycan Dövlət Statistika Komitəsi 2012-ci ildə Azərbaycanın informasiya cəmiyyəti və kommunikasiya texnologiyaları üzrə statistik məcmuəsinin rəsmi nəşrini təqdim edib.

Komitədən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, 2012-ci il üzrə yeni məlumatların əldə olunması məqsədilə ölkənin regionları üzrə proporsional qaydada, təsadüfi seçmə metodu ilə 10.5 min ev təsərrüfatı üzrə 7 yaş və ondan yuxarı olan 26.9 mindən çox ailə üzvü arasında sorğu aparılıb, kənd təsərrüfatı və işçilərinin sayı 5 nəfərdən az olan ticarət müəssisələri istisna olmaqla fəaliyyət göstərən bütün hüquqi şəxslər uçota cəlb olunub.

Toplanmış statistik məlumatların təhlili göstərib ki, 2012-ci ildə ölkədə İKT avadanlıqlarının sayı və onlardan istifadə səviyyəsi xeyli artıb. İKT-nin tətbiqi ölkədə fəaliyyət göstərən müəssisələrdə daha sürətlə inkişaf edib, il ərzində müəssisələrdə olan kompüterlərin, internetə qoşulmuş müəssisələrin sayı əhəmiyyətli dərəcədə artıb. Dövlət orqanları ilə 5158 müəssisə internet vasitəsilə əlaqə yaratmış və onların sayı 2005-ci illə müqayisədə 21.6 dəfə, 2011- ci illə müqayisədə 23,9% artıb.

Hesabat dövründə adambaşına düşən  beynəlxalq internet kanallarının həcmi 2 dəfədən çox artaraq 22,4 kbit/s təşkil edib, orta aylıq internetdən 20 saatlıq

istifadə üçün tarif  ötən illə müqayisədə cüzi azalaraq 1,4 manat, internetdən istifadə tarifinin adambaşına düşən orta aylıq ümumi milli gəlirə nisbəti  2006-cı illə müqayisədə 2 dəfə azalaraq 0,3% təşkil edib.
Mobil rabitə xidmətlərinə gəldikdə isə, ay ərzində 100 dəqiqə mobil rabitə ilə danışıq üçün orta tarif 0,3 manat azalaraq 7,1 manat  təşkil edib, mobil rabitə danışığı tarifinin

adambaşına düşən orta aylıq ümumi milli gəlirə nisbəti 2011-ci illə müqayisədə 0,2%  azalaraq 15% təşkil edib.

İKT-nin inkişaf indeksi 2011-ci illə müqayisədə 21%-dək, 2007-ci illə müqayisədə isə 3 dəfəyədək artaraq  7,52 təşkil edib.

Aynur Vəliyeva




05/08/13    Çap et