Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Meymunlar planşet istifadəçiləri olacaq
Vaşinqtonda yerləşən Smitsonov milli zooparkı dünyada “Apps for Apes” proqramına qoşulan 12 ölkədən biridir. Proqram “iPad” vasitəsilə qəfəsdə olan meymunların həyatına “rəng qatmaq” üçün nəzərdə tutulub.
Belə ki, zoopark işçiləri həftədə iki dəfə oranqutanlar üçün planşet vasitəsilə zehni oyunlar oynamağa şərait yaradırlar. Meymunlar həmçinin rəsm çəkmək və musiqi alətlərinin təqlidi proqramları ilə qarşılıqlı əlaqədə olur, hətta televiziya verilişlərinə baxırlar.
İstehsalçıların sözlərinə görə, onlar meymunlar üçün nəzərdə tutulmuş proqramları hazırlayarkən uşaqların istifadə etdiyi proqramların hazırlanması metodlarından yararlanırlar.
“ICTnews.az” elektron xəbər xidməti “ict.az” saytına istinadən bildirir ki, zoopark nəsli kəsilməkdə olan meymunların müdafiəsi üzrə “Orangutan Outreach” adlı xeyriyyə proqramıyla əməkdaşlıq edir. Nəzarətçilərin sözlərinə görə, “iPad” ziyarətçilərə insanların meymunlarla nə qədər oxşar olduqlarını aşılamaqla yanaşı, həm də onlarda meymunların xilası üçün yardım etmək əzmini gücləndirir.
Güman edilir ki, zaman keçdikcə müxtəlif qitələrdə yaşayan oranqutanlar bir-biri ilə “FaceTime” kimi videokonfrans proqramlarının köməyilə ünsiyyət qura biləcəklər. Daha bir ideya isə meymunların birbaşa qəfəslərdə istifadələri üçün “möhkəmləndirilmiş” “iPad”-lərin hazırlanmasıdır.
Emil Hüseynov
06/08/13 Çap et