Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Günəş enerjisi ilə işləyən ilk noutbuk istehsal edilib



 
“WeWi Telecommunications” şirkətinin hazırladığı “Sol” noutbukuna bir neçə günəş paneli inteqrasiya edilib. İstehsalçılar əmin edirlər ki, qurğu günəş enerjisinin elektrik enerjisinə çevrilməsi hesabına işləməyə “qadirdir”.

Günorta bu yolla əldə edilən enerjiyə aparatın işləməsi üçün kifayətdir,  gecə isə akkumulyator işlətmək olar. Günəş paneli ilə təchiz edilmiş  akkumulyatorun enerji ilə yüklənməsi üçün təxminən 2 saat vaxt lazımdır, akkumulyatorun avtonom iş müddəti isə 8-10 saat təşkil edir.

“Sol” noutbuku 1366x768 nöqtə təsvir ölçülü 13,3 düymlük ekran, 1.86 QHs takt tezlikli ikinüvəli “Intel Atom D2500” prosessoru, 2 və ya 4 QB əməli yaddaş və 320 QB tutumunda sərt disklə təchiz edilib. Sözügedən aparat, həmçinin 3 meqapiksellik veb-kamera, “SD/MS/MMC” kard-rideri, “Ethernet” şəbəkə portu, “Wi-Fi 802.11b/g/n” və “Bluetooth 4.0” simsiz rabitə modulları ilə təchiz edilib. Bundan başqa, “3G/4G/LTE” şəbəkələrini dəstəkləyən modem, “GPS” modulu, üç “USB 2.0” portu, iki dinamik, mikrofon, “HDMI” videoçıxışı var. “Ubuntu” əməliyyat sistemi quraşdırılıb.

Tezliklə “Sol” noutbukunun satışlarına başlanılmalıdır. Onun qiyməti 350 və ya 400 dollar təşkil edə bilər.

Emil Hüseynov
 




07/08/13    Çap et