Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“WhatsApp” messencerinin auditoriyası 300 milyonu ötüb
"WhatsApp" populyar mobil messencerinin auditoriyası iki ay ərzində 50 milyon artıb və hazırda o, gündəlik 300 milyondan çox istifadəçinin 31 milyarddan çox mesajını emal edir.
Xatırladaq ki, "WhatsApp" messenceri təxminən dörd il əvvəl istifadəyə verilib və bu vaxt ərzində şirkətin əsas trafikini mesajlar təşkil edib. Hazırda messencer, həmçinin səsli ünsiyyətin funksiyasına da malikdir. "Biz "WhatsApp" messencerinin auditoriyasının 300 milyonu ötdüyünü bildirməyə şadıq" –"WhatsApp" tərtibatçılarının bəyanatında deyilib.
"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, artıq "Voice Messaging" funksiyası istifadəyə verilib. Yeni həll sayəsində messencerin müştəriləri bir-birləri ilə real vaxt rejimində ünsiyyət saxlaya biləcəklər. Səsli mesajlarla bağlı heç bir məhdudiyyət yoxdur.
"WhatsApp" messenceri "iPhone", "Android", "BlackBerry", "Windows Phone" və "Symbian" platformalarını dəstəkləyir. Bir çox istifadəçilər ona SMS mesajların alternativi kimi baxır. Cari ilin iyununda xidmətin yaydığı məlumata əsasən, o, gündəlik 27 milyardadək mesaj emal edir.
Emil Hüseynov
07/08/13 Çap et