Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Applied and Computational Mathematics” - “Thomson Reuters”in siyahısında impakt faktor alan ilk və yeganə Azərbaycan jurnalı



 
 
İnteqrasiyasız inkişafın mümkünsüz olduğu müasir günümüzdə alimlərin əsərlərinin nüfuzlu beynəlxalq bazalarda indeksləşən jurnallarda dərc edilməsi elmin qarşısında qoyulan vacib məsələdir. İstinad indeksli jurnallarda çap olunan məqalələr isə yalnız alimin deyil, onun təmsil etdiyi ölkənin də əsas nüfuz göstəricisinə çevrilib. Elmin inkişaf göstəricisi kimi, digər vacib amil isə təsir əmsalına (impakt faktor) layiq görülən jurnalların sayıdır. Bu baxımdan, "Thomson Reuters" Agentliyinin hesabatına salınmış yeganə Azərbaycan jurnalı - 2002-ci ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, AMEA və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutu tərəfindən təsis olunan "Applied and Computational Mathematics"dir. Amma bu mərhələnin arxasında illərin gərgin əməyi, zəhməti dayanır. "Rabitə dünyası"nın müsahibi jurnalın ərsəyə gəlməsində böyük rolu olan baş redaktorlardan biri, akademik Fikrət Əliyevdir.
 
Pillə-pillə irəliyə doğru
 
 
 
"Elə məqalələr qəbul edilərsə, jurnalın nüfuzunu böyük təhlükə gözləyər"
 
 
 - Bəs "Applied and Computational Mathematics" jurnalı üçün yazılar hansı şərtlərlə qəbul olunur?
- Bu prosesə ciddi nəzarət var. Hər iki-üç ildən bir "Thomson Reuters" rəyçilərin siyahısı ilə bağlı bizə sorğu göndərir. Yəni burada şəffaf sistemdir. Şərtlərə görə, jurnala daxil olan məqalələrin hər biri ciddi rəydən keçirilməlidir. Bir məqaləyə isə 2-dən az rəy verilə bilməz. Bu, dünyada qəbul edilmiş bir prosedurdur. Bəzi alimlər rəylərin verilməsi üçün vəsait tələb etsə də, bəziləri bunu özünün alimlik borcu bilir. Eyni zamanda bu, alimin özünə də müsbət təsir edir. Çünki o, dünyada çıxan yeni jurnallarla maraqlanmasa, elm sahəsindəki yeniliklərdən xəbərsiz qalar. Ona görə də onların böyük əksəriyyəti göndərilən məqalələrə məmnuniyyətlə rəylərini bildirirlər. İki rəyin əsas götürülməsinin də səbəbi bir rəyçinin görmədiyi səhvin digər rəyçi tərəfindən müəyyənləşməsidir. Biri mənfi, digəri müsbət rəy yazdıqda isə üçüncü rəyçiyə müraciət olunur və onun əsasında məqalənin nəşri haqda qərar qəbul edilir. Ümumiyyətlə, iş olan yerdə səhv də ola bilər. Bunu dünya ictimaiyyəti də, biz də normal qəbul edirik. Amma Azərbaycanda buna fərqli münasibəti olanlar da var. Eyni zamanda rəy mənfi verilibsə, nə qədər yaxın adam olursa-olsun, dəxli yoxdur, o məqalə jurnala qəbul edilə bilməz. Çünki elə məqalələr qəbul edilərsə, gələcəkdə jurnalın nüfuzunu böyük təhlükə gözləyər. Türkiyədə agentliyin siyahısında olan 75 jurnaldan 5-i qeyri-ciddiliyə görə bu il o siyahıdan çıxarılıb. MDB ölkələrində də analoji hal təkrarlanıb. Qısa zamanda - 6 il ərzində "Thomson Reuters"in siyahısına daxil olmağımızın səbəbi də məhz şəffaflıq və ciddi nəzarət prinsipidir. Müqayisə üçün deyim ki, Türkiyədə buna yaxın  adla dərc olunan jurnal 36 ilə o siyahıya daxil ola bilib. Ukraynada da buna yaxın  olan jurnalların bəzilərinin impakt-faktorları dəfələrlə aşağı düşüb.
 
"Şəxsi hissləri irəli çəksən..."
 
 
- Təsir əmsalının aşağı düşməsi əsas hansı səbəblər üzündən baş verir?
- Qeyri-ciddiliyə yol verilir. Elə məqalələr götürürlər ki, onların reytinqi olmur. Jurnalda dərc olunmaq üçün çoxsaylı müraciətlər olur. Əgər milli heysiyyəti kənara qoyub, şəxsi hissləri irəli çəksən, əmin edirəm ki, o zaman heç nəyə nail olmaq mümkün olmayacaq. Gərək ilk növbədə millətin, elmin gələcəyini nəzərə alıb qərar verəsən.
 
 
Reytinq və güclü elmi nəticələr şərti
 
 
- Jurnalın bu günədək 27 sayı çapdan çıxıb. Bu müddətdə rəylərə əsasən təxminən nə qədər məqalə jurnaldan kənarlaşdırılıb?
- Bu yaxınlarda belə bir statistika apardıq. İndiyə qədər jurnala daxil olan yazıların yalnız 75 faizi çap edilib, 25 faizi qəbul olunmayıb. Əsasən çalışırıq ki, alimin özünün güclü reytinqi, həmçinin çox güclü elmi nəticələri olsun. Reytinqi olmayan, amma aldığı nəticələr çox güclü olan gənc alimlərin də məqalələrini rəyçilərlə məsləhətləşdikdən sonra dərc edirik. Həmçinin çox reytinqli olan, amma işinin nəticələri zəif olan alimlərin məqalələri qəbul edilmir.
 
Yerə düşən xahiş-minnətlər
 
- Jurnalın nüfuzuna görə dərc olunmaq üçün sizə tapşırıq, xahiş-minnət edənlər olurmu?
- Həddindən artıq olur. Amma obyektivliyin qorunmasında cənab nazirin çox böyük dəstəyi var. Bir çox alimlər, başqa şəxslər müraciət edir, amma heç bir tapşırıq istəyi nəzərə alınmır. Çünki burada iki məsələ var: ya obyektivlik, ya da tapşırıq. Tapşırıq bir-iki il sonra jurnalı qeyri-ciddiliyə yol verən digər jurnallar kimi sıradan çıxaracaq. Hətta jurnalın redaksiya heyətinin üzvlərinə də güzəşt edilmir. Onların bəzilərinin də məqalələri rəylər əsasında nəşrə buraxılmayıb. Məqalə müəllifləri də obyektivlik prinsipi gözlənildiyinə görə bu addıma çox düzgün yanaşırlar. Vaxtı ikən çox mehriban münasibətdə olduğumuz elə müəlliflər də var ki, bunları qəbul etmək istəməyib, amma biz məqaləni buraxmamışıq. İndi o insanlarla münasibətlərdə müəyyən soyuqluq var.
 
"İnanmıram ki, maddi imkanı yaxşı olan alim xaricdə yaşamaq istəsin"
 
 
- Azərbaycanın gələcək hədəflərində "beyin axını"nın qarşısının alınması üçün zəruri tədbirlərin həyata keçirilməsi də əks olunub. Bununla bağlı fikirləriniz necədir?
- İlk növbədə, alimlərin maddi vəziyyətinin yaxşılaşdırılması önə çəkilməlidir. İnanmıram ki, maddi imkanı yaxşı və elmi tədqiqat işi aparmaq üçün şəraiti normal  olan alim başqa ölkədə yaşamaq istəsin. Eyni zamanda artıq xaricdə öz yerini tutmuş və geri dönmək istəməyən alimlərin ölkəyə gətirilməsi də məqsədəuyğun deyil, əksinə, onların yanında püxtələşmək üçün ölkəmizdən gənc kadrlar göndərilməlidir. Hazırda dövlət tərəfindən elmin inkişafına dəstək verilir. Ölkə başçısı da çıxışlarının birində qeyd edib ki, Azərbaycan elmi də regionda birinci olmalıdır.
 
"Müasir səviyyədə işləməyi bacarmalı və elmdə obyektivliyi qorumalıyıq"
 
- Necə düşünürsünüz, birinciyik?
- Xeyr, birinci deyilik. Birinci olmaq üçün böyük potensialımız və maddi imkanımız var. Amma müasir səviyyədə işləməyi bacarmalı və elmdə obyektivliyi qorumalıyıq. 
 
"Artıq o bilməlidir ki, elmdə sözünü deyə bilmir"
 
- Bəs dövlətin dəstəyinin müqabilində elmi işçilərə qarşı tələblər necə olmalıdır?
- İndi müstəqil dövlət kimi, elmdə qazanılan hər uğur Azərbaycanın adına yazılır. Bu baxımdan, elmi tədqiqat işlərinin məzmunu da dəyişməli, müəyyən islahatlar da aparılmalıdır. Tutaq ki, uzun illərin aliminin bu müddətdə heç bir elmi göstəricisi yoxdur. Artıq o bilməlidir ki, elmdə sözünü deyə bilmir və o yeri tutmağın özü də elmə zərbədir. Hər bir elmi işçidən ciddi hesabatlar qəbul edilməlidir. Alimlər qarşısında iqtisadiyyatımıza xeyir gətirə biləcək problematik məsələlər qaldırılmalıdır. Eyni zamanda alimin gözü heç bir yerdə qalmamalı, işinə görə aldığı maaşla ailəsini normal dolandırmağı bacarmalıdır. Elm başqa işlərə bənzəməz. Əgər alimin maddi sıxıntıları olarsa, artıq beyin tam elmi işə deyil, o qayğıların həllinə köklənir.
 
"Çəkici eyni zindana vurmalıyıq"
 
- Elə kiçik dövlətlər var ki, "Thomson Reuters"in bazasında impakt faktora malik bir neçə jurnalı qeydə alınıb. Azərbaycan üçün bir jurnal az deyilmi?
- Tamamilə yerində verilən sualdır. Azərbaycanda elmin elə sahələri var ki, onlar çoxdan öz jurnallarını bu siyahıya salmaq üçün cəhd göstərməli idilər və əminəm ki, buna nail də olardılar. Məsələn, fizika, kimya, informasiya texnologiyaları, geologiya, biologiya, metalşünaslıq, neft maşınqayırması və s. istiqamətlər üzrə Azərbaycanda çox böyük işlər görülüb və görülməkdədir. Bunlar dünya çapında da öz layiqli yerini tutur və yetərincə də Azərbaycanda jurnallar çap edilir. Düşünürəm ki, onları "Thomson Reuters"in tələblərinə uyğunlaşdırıb, müvafiq addımlar atılmalıdır. Burada əsas tələblərdən biri güclü redaksiya heyətinin yaradılmasıdır. Ona görə də alimlərimiz bir araya gəlib, "çəkici eyni zindana" vurmalıdırlar. Dövlətçiliyimizin daha da möhkəmləndirilməsi məqsədilə humanitar, siyasi, ictimai elmlər sahəsində də jurnalların o bazaya salınmasına hər zamankından daha böyük ehtiyac var. Düşünürəm ki, öndə gedən alimlərimiz bu istiqamətdə zəruri addımlar atacaqlar.
 
Həqiqət İSABALAYEVA




09/08/13    Çap et