Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfonlar üçün izləmə sistemi yaradıldı



"DARPA"-da işləmiş və Amerika hərbçilərinin kibertəhlükəsizlik məktəbində çalışmış Brendan O`Konnor "Creepy DOL" adlı xüsusi izləmə sistemi yaradıb.
Məlumata əsasən, bu sistem smartfonlara daxil olaraq hərəkətləri izləməyə imkan verir.

"Bir neçə yüz dollara mən sizin hər bir hərəkətinizi, fəaliyyətinizi və ünsiyyətinizi izləyərək, sizi şantaj etmək üçün nə isə tapa bilərəm"- Brendan O`Konnor belə deyib.

Müasir dünyada məxfiliyə nail olmaq getdikcə çətinləşir. "Creepy DOL" və digər belə sistemlər sizin haqqınızda bütün məxfi informasiyanı hər bir kəs üçün əlçatan edə bilər.

"Creepy DOL" – məlumatları təhlil edən serverlə əlaqədar fəaliyyət göstərən qurğular şəbəkəsidir. "Wi-Fi" adapteri və USB girişləri ilə təchiz olunmuş kiçikölçülü bu qurğuları hər biri 50 dollar dəyərində olan "F-bomba" adlandırırlar.
"F-bomba"lar proqram təminatını işə salır və bu, qovşaqların qarşılıqlı fəaliyyət məkanında "Wi-Fi" trafikini axtarıb tapmağa imkan verir. Onlar müxtəlif məlumatlar, o cümlədən smartfonun istifadəçisi barədə informasiya verən "Dropbox IMessage" məlumatları toplayır. Buraya əlaqələr barədə informasiya, təsvirlər və elektron poçt ünvanları da daxil ola bilər. Qanun çərçivəsindən kənara çıxmamaq üçün O`Konnor "Creepy DOL" sistemini öz telefonlarında sınaqdan keçirib.

Yeni qurğunun bizim informasiya təhlükəsizliyimizə xələl gətirib-gətirməyəcəyi vaxt keçdikcə bəlli olacaq.
 




12/08/13    Çap et