Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Peykimizin resurslarının 60 faizdən çoxu bu ilin sonunadək daimi istifadəyə veriləcək
Azərbaycanın ilk milli telekommunikasiya peyki "Azerspace-1"-in resurslarının yarısından çoxu bu ilin sonunadək daimi istifadəyə verilə bilər. Hazırda peyk tutumunun 50 faizdən çoxu realizə edilib.
"Nəzərə almaq lazımdır ki, peyk tutumunun müəyyən hissəsi mütəmadi olaraq bazarın tələblərindən asılı olaraq qısa müddət ərzində müştərilərin istifadəsinə verilir və həmin müddət bitdikdən sonra yenidən sərbəst olur. Buna baxmayaraq, proqnozlara əsasən ilin sonunadək peykin resursunun 60%-dən çoxunun daimi istifadədə olacağını demək mümkündür",- deyə "Azərkosmos"dan bildiriblər.
"Azerspace-1" telekommunikasiya peykinin fəaliyyətindən əldə olunan gəlirlərin həcminə gəlincə, "Azərkosmos"da qeyd ediblər ki, bu ilin sonuna kimi bu göstəricinin 10 milyon dollara yaxın olması proqnozlaşdırılır.
"Azerspace-1" peyki təkmil texnoloji dizaynı və geniş qoşulma imkanları ilə dünyanın təqribən 1/3 hissəsini əhatə edir.
Aynur Vəliyeva
14/08/13 Çap et